Elmi tədqiqatlar olmayan yerdə innovasiyalar yaratmaq olduqca çətindir. Elmi araşdırmaların düzgün qurulması olduqca vacibdir. Biz “phd”ni, yəni “fəlsəfə doktoru”nu ictimai statusu olan adamdan elmlə məşğul olan adam statusuna gətirib çıxarmalıyıq.
AzerTimes AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir:
“Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara “siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var” deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə “alim” dedikcə, elm aşağı gedir”.
Nazir vurğulayıb ki, bizə elmin imitasiyası yox, özü lazımdır. Əks halda sadəcə, zaman itirəcəyik.
Emin Əmrullayev əlavə edib ki, son vaxtlar ölkədə elmi məqalələrin sayı artır. Elmi nəticələrə görə yüzdən artıq alimə mükafatların verilməsi prosesinə başlanılıb. Bu cür layihələrin daha çox həyata keçiriıldiyi yer Qarabağ Universiteti olacaq.