Gömrükçülər tərəfindən daha iki fakt üzrə narkotik
qaçaqmalçılığı cəhdlərinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Naxçıvan
Muxtar Respublikası ərazisindən tranzit keçməklə Niderland
Krallığına unlu qənnadı məmulatları aparan, Türkiyə Respublikası
vətəndaşının idarə etdiyi 76AAG563/76AAK437 dövlət nömrə nişanlı
“Mercedes-Benz” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən
buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan
keçirilməklə yoxlanılıb. Müəyyən olunmuş şübhəli rentgen təsvirləri
əsasında aparılan əsaslı yoxlama zamanı nəqliyyat vasitəsinin
qoşqusuna yüklənmiş 32 ədəd taxta paletin ayaqlarında xüsusi üsulla
gizlədilmiş ümumi çəkisi 113 kiloqram 820 qram olan narkotik vasitə
– heroin aşkar edilib.
Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası
ərazisinə tranzit giriş edən, eyni daşıyıcı şirkətə məxsus, hərəkət
marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan,
Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAJ134/76AAG184
dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə
Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı
həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna
yüklənmiş 32 ədəd taxta paletin ayaqlarında xüsusi üsulla
gizlədilmiş ümumi çəkisi 113 kiloqram 835 qram olan narkotik vasitə
– heroin aşkar edilib.
Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki
qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis
çəkisi 227 kiloqram 655 qram təşkil edib.
Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq)
uyğun olaraq hər iki şəxs barəsində cinayət işi başlanılıb.