Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanıb.
Bu barədə AzerTimes-a Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun barələrində müvafiq tədbirlər görülüb.
Dövlət Miqrasiya Xidmətində oktyabr ayında, ümumilikdə, 1 184 müraciət qeydə alınıb ki, onlardan 569-u əcnəbiyə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Oktyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 615 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 194-ü elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.