Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən dekabr ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikasının “Arazboyu” Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının ləğv edilməsi və “Naxçıvan Muxtar Respublikasının “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında Ali Məclisi sədrinin müvafiq Fərmanında dəyişiklik edilməsi barədə Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2023-cü il 25 dekabr tarixində Sərəncam imzalanıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.
Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Ali Məclis sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb.
Bundan başqa, Nazirlər Kabinetinin 2023-cü il 27 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib. Qərara əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər zərfində dəyişikliklər edilərək tibbi xidmətlərin sayı və çeşidi artırılıb, eləcə də bəzi xidmətlərin qiyməti yenilənib.
Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.
Nazirlər Kabineti tərəfindən “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının strukturu və ştat cədvəlinin təsdiq edilməsi” və “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi barədə” qərarlarında dəyişiklik edilmiş, Zəngəzur Milli Parkının strukturu və ştat cədvəli təsdiq edilib.
Eləcə də, Nazirlər Kabinetinin 2023-cü il 27 dekbar tarixli Qərarı ilə “İcbari tibbi sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin haqqının müəyyənləşdirilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən göstərilən ödənişli tibbi xidmət növlərinin qiymət cədvəli”nin təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişaf Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə” sərəncamlarının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü il 29 dekabr tarixində Sərəncam imzalanıb. Aidiyyəti dövlət orqanlarına normativ-hüquqi aktların Sərəncama uyğunlaşması barədə təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi üçün vaxt müəyyən edilib.
Həmçinin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib.