Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Əlahiddə Ümumqoşun Orduya Naxçıvan Qarnizonu üzrə hərbi hissələrdə qış mövsümü üçün tələb olunan geyim, yanacaq və ərzaq ehtiyatının yaradılmasının vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıq verilib. Tapşırığa əsasən hərbi hissələrdə təchizat və təminat işləri aparılıb, silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.

Möhkəm müdafiə potensialına malik birinci eşelon bölmələrində inşa olunan binalar keyfiyyətli mebel dəstləri, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əsgər və zabitlərin rahat şəkildə istirahəti, qidalanması və nümunəvi xidməti üçün tikilən hərbi oyektlərdə qış tədarükü görülərək isti geyim, yanacaq, içməli su və ərzaq təminatı yaradılıb. Əlavə olaraq məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanaraq əsgərlərimizə hədiyyə edilmiş isti qış geyimləri də yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərimizdə dislokasiya olunan bölmələrə çatdırılır.

Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün köhnə elektrik aqreqatları yeniləri ilə əvəz olunub, yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib. Mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında hərəkət yolları yenidən çəkilib və mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
İsti geyim və keyfiyyətli ərzaqla təmin olunan, dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin yüksək döyüş hazırlığına yiyələnməsi Vətənimizin etibarlı müdafiəsinə təminat verir.


Çətin dağlıq şəraitdəki hərbi hissələrlə yanaşı daimi dislokasiya məntəqələrindəki hərbi şəhərciklərdə, ehtiyat birləşmə, hissə və bölmələrdə də qışa hazırlıq tədbirləri plana uyğun həyata keçirilib, şəxsi heyətin soyuq qış aylarında heç bir çətinliklə üzləşməməsi üçün müvafiq işlər görülüb. Eyni zamanda döyüş texnikalarının, aviasiya və hərbi nəqliyyat vasitələrinin ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikanın istismarının qış mövsümünə keçidi aparılır. Silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə birləşmə və hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Bütün növ silah və texnikalara texniki xidmət-2 həcmində qulluq göstərilir. Bu zaman texnikaların yanacaq-sürtkü materialları və filtrləri dəyişdirilir, elektrik və hidravlik sistemləri yoxlanılır. Tankların və döyüş maşınlarının hərəkət hissəsinə, döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilir, bütün hərəkət hissələri yağlanır, tırtıllar tarımlanır, mühərriklərin mövsümə uyğun yağı dəyişdirilir. Bütün fəaliyyətlər başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələr qiymətləndirilir.

Naxçıvan Qarnizonu Qoşunlarında qışa hazırlıq tədbirləri çərçivəsində şəxsi heyətin sağlamlığı nəzərə alınaraq soyuq havalarda virus infeksiyalarının və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə hərbi hissələrin xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür. Həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, hazırda dünyanın mübarizə apardığı xəstəliklərdən uzaq olan hərbi qulluqçularımız “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə keçirilən məşğələ və təlimlərdə peşəkarlıq nümayiş etdirir, ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.

Teqlər: