Azərbaycan hökuməti neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair qərar verəcək.
AzerTimes xəbər verir ki, bununla bağlı qərar Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
Məlumata görə, ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair maliyyə və iqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarla eyni tarixdən qüvvəyə minəcək.
Tarif (qiymət) Şurasının qərarına əsasən, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilmiş, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.
Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.