Naxçıvan sərhədində sıxlıq: İdarə açıqlama yaydı

Naxçıvan sərhədində sıxlıq: İdarə açıqlama yaydı

Son günlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa”, “Sədərək” və “Şahtaxtı” dövlət sərhəd-buraxılış məntəqələrində TIR-ların keçidində yenidən sıxlıq yaranıb.

AzerTimes xəbər verir ki, Culfa Gömrük Postunun əməkdaşı Tural Musayev jurnalistlərə açıqlamasında bildirib ki, son günlər Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının artması səbəbindən “Culfa”, “Şahtaxtı” və “Sədərək” dövlət sərhəd-buraxılış məntəqələrində növbələrin yaradılması müşahidə olunur:

“Muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının kəskin artması Türkiyə Respublikası ilə İran İslam Respublikası arasındakı Gurbulaq-Bəzirgan sərhəd keçid məntəqəsində kilometrlərlə uzanan növbələrin yaranması ilə bağlıdır. Bu səbəbdən daşıyıcı şirkətlər daşımalarını Naxçıvan üzərindən həyata keçirməyə üstünlük verirlər. Sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisindən nəqliyyat vasitələrinin intensiv və sürətli keçidinin təmin olunması üçün gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yaranmış vəziyyətlə bağlı daşıyıcı şirkətlərdən və sürücülərdən anlayışlı olmağı və təmkinli davranmağı xahiş edirik”.

Qeyd edək ki, hazırda gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Teqlər: