Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər kursları uğurla bitirən məzunları təbrik ediblər.
Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 5 il keçir. Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca 2018-ci ildə qazanılan Günnüt zəfəri, ən sonda isə 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.
Çıxışların ardından kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda xatirə şəkli çəkdirilib.