“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma
planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının
aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Təlimə
Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə bərabər
Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri də cəlb
edilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və
xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, idarəetmə
orqanlarının əməliyyatların planlaşdırılmasında uzlaşmış
fəaliyyətinə nail olmaq, komandir heyətinin bölmələrin idarə
edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə
təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.
Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma
qabiliyyətləri və təchizatları yoxlanılıb, qarlı-şaxtalı, çovğunlu
havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş
təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla
təminata xüsusi diqqət yetirilib.
Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə
yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi
təyinatlı qruplar qarlı-şaxtalı havalarda şərti düşmən arxasında
taktiki fəaliyyətləri icra ediblər.
Təlimdə düşmənin hərbi texnikalarının pusquya salınaraq komandir
heyətindən əsir götürülməsi üzrə birgə fəaliyyətlər yerinə
yetirilib. Əlverişsiz hava şəraitindən istifadə edərək təxribata
hazırlaşan şərti düşmənin terror qruplaşmasının fəaliyyətləri
xüsusi təyinatlı bölmələrimiz tərəfindən aşkar edilib. Ərazinin
çətin keçiləbilən relyefi üçün nəzərdə tutulmuş hərbi daşıma
vasitələrinin köməyi ilə düşmənin terror fəaliyyətlərinin qarşısı
alınıb. Çətin dağlıq şəraitdə həmlə qrupumuz tərəfindən pusquya
salınan düşmənin hərbi kalonundan terror qruplaşmasının rəhbəri sağ
olaraq ələ keçirilib.
Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa
məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb
tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi məşq
etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış
xilasedicilərin də cəlb edildiyi təlimdə təhlükəsizlik qaydalarına
əməl etməklə xüsusi aparat və avadanlıqlar vasitəsilə
axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata
keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin, Fövqəladə
Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli
Xilasetmə Xidmətinin şəxsi heyətinin gecə və gündüz, müxtəlif ərazi
və iqlim şərtlərində kəşfiyyatın və xüsusi əməliyyatların
aparılmasında, eləcə də axtarış-xilasetmə fəaliyyətlərində praktiki
vərdişləri təkmilləşdirilib.
Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin
xüsusiyyətlərindən bacarıqla istifadə edən hərbi qulluqçularımız
təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb
gecələyiblər.
Şəxsi heyətə döyüş, təminat və təxliyə üzrə tapşırıqların yerinə
yetirilməsi zamanı cəsarətli, dözümlü, iradəli və vətənpərvər olmaq
ruhunda yüksək mənəvi keyfiyyətlərin aşılandığı təlimdə qarşıya
qoyulmuş məqsədlərə nail olunub.