Naxçıvandan Bakıya yerinə yetirilən J2-2158 reysinin bəzi sərnişinləri uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət nümayiş etdiriblər.
Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycan Hava Yolları QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova bu gecə Naxçıvan aeroportunda baş verən xaosla bağlı danışarkən bildirib.
“Təyyarə kapitanı başda olmaqla, uçuş heyətinin ictimai asayişi pozan sərnişinləri sakitləşdirməsinə baxmayaraq, onlar ekipajın tələblərinə tabe olmayıblar. Bununla əlaqədar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli “Aviasiya haqqında” Qanununa və normativ hüquqi sənədlərinə əsasən hava gəmisi kapitanı uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə həmin reysin yerinə yetirilməsini təxirə salıb. Yaşanan hal nəzarətə alındıqdan sonra təyyarə Naxçıvandan Bakıya yola düşüb”, – Xəlilova qeyd edib.
Qeyd edək ki, ötən gecə naxçıvan aeroportundakı xaos və özbaşınalıqla bağlı türkkiyəli sərnişin video paylaşmışdı.