Rusiyanın potensial təcavüzü halında NATO öz qoşunlarını tez bir zamanda yerləşdirə bilməyəcək. Sərhəddə bürokratik gecikmə və logistik problemlər buna mane olacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Rusiya təcavüzünün ilk əlamətlərində NATO alyansın şərq sərhədlərinə 500 minə qədər hərbçi yeritməli olacaq:
“Burada köhnə “döyüşlərdə piyada, müharibələrdə logistika qalib gəlir” deyimi yada düşür. Dəmir yolları bu cür logistikanın əsas hissəsidir: dəmir yolu – yolları bağlamadan böyük miqdarda hərbi texnika və nəqliyyat vasitələrinin ölkələr arasında daşınmasının ən sürətli və ən səmərəli üsuludur”.
Məqalədə bu proses zamanı yarana biləcək problemlərə diqqət çəkilir:
“Qitənin mərkəzində coğrafi mövqeyinə görə Avropa müdafiəsinin kəsişmə nöqtəsi sayılan Almaniyaya tank və haubitsaların daxil olması üçün gömrük rəsmiləşdirilməsi, digər ölkələrdə olduğu kimi, bir neçə gün yox, daha çox vaxt – üç-dörd həftə çəkir. 50-dən çox əsgər və 10 nəqliyyat vasitəsinin hər hansı hərbi hərəkəti üçün diplomatik icazə tələb olunur.
Bundan əlavə, Niderland, Almaniya və Baltikyanı ölkələrin limanları işçi tətillərini təhrik etmək məqsədi daşıyan Rusiyanın hibrid hücumlarına qarşı xüsusilə həssas hesab olunur.
Digər zəiflik – dəmir yolları Sovet dövründən qalma daha dar diametrdə işləyən üç Baltikyanı dövlətə və yeni üzv Finlandiyaya avadanlıqların daşınmasıdır. Bu o deməkdir ki, Almaniyadan Litvaya daxil olan qatarlar Rusiya ilə münaqişədə istənilən potensial cəbhə xəttinə doğru hərəkəti əhəmiyyətli dərəcədə ləngitməklə, avadanlığı başqa qatarlara yükləməlidir”.