NATO gəmiləri Qara dənizə girsə, Türkiyə riskə atılacaq

NATO gəmiləri Qara dənizə girsə, Türkiyə riskə atılacaq

NATO-ya üzv ölkələrin Qara dənizdə taxıl daşıyan gəmiləri müşayiət etmək cəhdi Montrö Konvensiyasını pozacaq. Türkiyə təhlükəli vəziyyətə düşəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Milliyyət” qəzeti məlumat yayıb.

“Belə bir addımın həyata keçirilməsi Montrö Konvensiyasının pozulması demək olardı və NATO gəmiləri Türkiyə boğazlarından keçib Qara dənizə daxil olarsa, Türkiyə risk vəziyyətinə düşə bilər”, – məlumatda deyilir.

Bildirilir ki, Türkiyənin Rusiyadakı keçmiş səfiri və NATO-nun sabiq baş katibinin müavini Hüseyn Diriyöz NATO gəmilərinin Qara dənizdə taxıl gəmilərini müşayiət etməsi ideyasının reallaşmasını mümkün hesab etmir:

“Bayden bu yaxınlarda Rusiya ilə münaqişədə olan ölkəni alyansa qəbul etmək və vəziyyəti NATO-Rusiya münaqişəsinə çevirmək istəmədiyini bildirib. Ona görə də bu ideyanın çoxlu tərəfdarı olacağını düşünmürəm. Montrö Konvensiyasına uyğun olaraq, Qara dənizə çıxış rejimini həyata keçirən ölkə kimi Türkiyə bu məsələdə ehtiyatlı davranmağa davam etməlidir. Montrö sazişinə ciddi riayət edilməlidir. Taxıl sövdələşməsinə BMT rəhbərlik edirdi və BMT belə deeskalasiya hərəkətlərinin mərkəzində olmağa davam etməlidir. NATO-nun mandatı alyans ölkələrini qorumaqdır”.

Qeyd edək ki, bundan əvvəl NATO qüvvələrinin Avropadakı keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis bildirmişdi ki, ABŞ, eləcə də NATO ölkələri Qara dənizdə taxıl daşıyan gəmiləri müşayiət edə və təhlükə yaranarsa, Rusiya Hərbi Dəniz Qüvvələrinə atəş aça bilər.

Teqlər: