Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın nüfuzlu “National Geographic” jurnalı Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə həsr olunmuş məqalə dərc edib.
AzerTimes-ın məlumatına görə, məqalə azərbaycanlı fotoqraf Rəna Əfəndinin fotosessiyası əsasında hazırlanıb.
Məqalədə qeyd olunur ki, münaqişə dövründə baş vermiş zorakılıq aktları çoxillik dinc birgəyaşayış ənənələrini pozdu və bir milyondan çox insanın doğma yurdlarını tərk etməsinə gətirib çıxardı.
Ötən ilin sentyabrında Azərbaycan işğal altında olan ərazilərə nəzarət bərpa etmək məqsədilə əks-həmlə əməliyyatına başladı. İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycana öz hərbi nailiyyətlərini saxlamağa imkan verən sazişin imzalanması ilə başa çatdı:
“Otuz il ərzində ilk dəfə azərbaycanlılar itirilmiş yurdlarına qayıda biləcək. Amma hələlik bölgə hərbçilərin nəzarəti altındadır. Ən pisi odur ki, döyüş əməliyyatları getməmiş rayonlarda belə həyat üçün zəruri olan bütün hər şey dağıdılıb. Məcburi köçkünlərin böyük əksəriyyəti, əsasən yaşlılar doğma yurdlarına qayıtmağını gözləyir”.