Naşir Türk Mədəniyyəti Fondunu ittiham etdi, fond isə…

Naşir Türk Mədəniyyəti Fondunu ittiham etdi, fond isə…

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Türk Mədəniyyəti və İrsi Fondunu Azərbaycan dilindən ingilis dilinə tərcümə fəaliyyəti ilə məşğul olan İan Peartın qonorarını ödəməməkdə ittiham edib.

AzerTimes xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Naşir İan Peartın klassik Azərbaycan poeziyası nümunələri də daxil olmaqla, mədəniyyətimizə aid bir çox əsərləri çevirən bəlkə də yeganə ingilisdilli tərcüməçi olduğunu deyərək, fondun onun əməyinin qarşılığını vermədiyini bildirib:

“Əvvəl xanımı ilə tərcümə edirdi; xanımı azərbaycanlı idi və 23 il birlikdə yaşamışdılar, o, rəhmətə gedəndən sonra tərcümə işinə qızı ilə davam edir. İngilis dilində keyfiyyətli mətn görmək istəyən hər kəs ona müraciət edir. O da Azərbaycana qəlbən bağlı olduğundan, kültürümüzə, ədəbiyyatımıza və tariximizə aid olan heç bir mətnin tərcüməsindən imtina etmir, əksinə, xüsusi həssaslıq göstərir, bəzi faktları müxtəlif mənbələrdən təkrar-təkrar yoxlayır.

Xeyli müddət əvvəl Türk Mədəniyyəti və İrsi fondu onun bir neçə ayını məşğul edən tərcümə sifariş edir. Avans da ödəmir. İşi təhvil verəndən sonra əvvəlcə, bu gün-sabaha saldılar, sonra isə “Rəhbərlik dəyişib, bizim məlumatımız yoxdur” deməklə qonorarı ödəməkdən imtina etdilər”.

İan Peartın yaşam xərclərinin tərcümə ilə qarşılandığını vurğulayan naşir fondun məsuliyyətdən qaça bilməyəcəyini diqqətə çatdırıb:

“Zəhmətin qarşılığının ödənməməsi, müraciətin iqnor edilməsi insanlığa zidd olmaqla yanaşı, hüquqa da ziddir. Bu məsələdə heç bir halda Türk Mədəniyyəti və İrsi Fondu yaxasını kənara çəkə bilməz. Bir həftə ərzində İan Peartin qonorarını ödəməlidir. Əks halda həmkarımızın haqlarını müdafiə etməklə bağlı məhkəməyə müracət edəcəyik”.

Məsələ ilə bağlı münasibət bildirən Türk Mədəniyyəti və İrsi Fondu naşirin iddialarını təkzib edib.

“Beynəlxalq təşkilat – Türk Mədəniyyəti və İrsi Fondu olaraq ictimaiyyatın diqqətinə çatdırmaq istərdik ki, cənab İan Peartın və istənilən şəxsin təşkilatımız barəsində yaydığı fikir və iddialar əsassızdır. Belə ki, onun iddia etdiyi kimi göstərdiyi xidmətlər barəsində təşkilatımız ilə onun arasında hər hansı əqd və ya anlaşma imzalanmayıb, onun qarşısında təşkilatımızın hər hansı hüquqi öhdəliyi mövcud deyildir. Qətiyyətlə bəyan edirik ki, təşkilatımız istənilən hüquqi və fiziki şəxslər qarşısında öz üzərinə götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam icra edib, edir və edəcəkdir. Hər hansı şəxs tərəfindən təşkilatımızın nüfuz və imicinə mənfi təsir göstərəcək və təşkilatımza zərər vuracaq əsassız və həqiqətə uyğun olmayan iddiaları irəli sürmək və yayımlamağın qarşısını almaq istiqamətində mümkün bütün hüquqi addımların atılacağını bəyan edirik”.

Teqlər: