Xəbər - Samir Əli – Trend:
Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. Onun sözlərinə görə, fevralın 2-də paytaxtın Xətai prospektində “Toyota Prius” markalı 77-BM-850 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Ümid Saleh oğlu narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb.
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu həmin halda taksi fəaliyyəti ilə məşğul olduğu halda aşkarlayıb. Ü. Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsilə protokol tərtib olunub. Nəsimi rayon Məhkəməsinin qərarı ilə o, bir illik sürücülük hüququndan məhrum edilib.
Araz Əsgərli bu kimi hadisələrlə bağlı sürücü və sərnişinlərə müraciət edib:
“Sərnişinlərdən xahiş edirik, sürücünün normal vəziyyətdə avtomobil idarə edə bilmədiyini və onun adekvat hərəkətlər etmədiyini gördükdə mütləq qaydada polisə məlumat versinlər. Hər hansı şəxsin belə anlaqsız vəziyyətdə avtomobil idarə etməsi həm sərnişinlərin, həm də digər insanların həyatı üçün olduqca təhlükəlidir. Bir daha vətəndaşlardan bu kimi hallara xüsusilə məsuliyyət hissi ilə yanaşmağı xahiş edir və sürücüləri sərxoş halda avtomobil idarə etməkdən çəkinməyə çağırırıq”.