Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri
altında avtobus idarə edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba
regional qrupundan Trend-ə məlumat verilib.
Belə ki, Quba rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut
avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında
saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik
vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.
Ə.Hüseynov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və
narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə
inzibati qaydada həbs edilib.