Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb (FOTO/VİDEO)

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər tutulub.

Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Vüqar İsmayılov saxlanılıb.Onun üzərindən 11 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə psixotrop maddəni satan Nəsimi rayon sakini Aydın Allahverdiyev də tutularaq istintaqa cəlb edilib.Bu şəxsin üzərindən də psixotrop maddə olan metamfetamin aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Bəhruz Əliyev də saxlanılıb. Oun əlindəki çantaya baxış zamanı 600 qrama yaxın metamfetamin və 8 qram heroin aşkar olunub. Bəhruz Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.


Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyini bildirib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: