Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, təbliğatı, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti silsilə əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Səbail rayonunun Badamdar qəsəbə sakini Hikmət Əlizadəyə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu və 50 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hikmət Əlizadə paytaxtın mərkəzi rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.
Qeyd edək ki, bu şəxs çətənə kollarını gizlincə əkmək üçün ailə üzvlərini də bir müddətlik Səbail rayonundakı evindən başqa yerə göndərib.
Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal, Səbail, eləcə də Cəlilabad rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq sərhədyanı rayonların ərazilərində narkotik vasitələri əldə edib Bakı şəhərinə gətirən daha sonra burada həmin maddələrin onlayn yolla hissə-hissə müxtəlif şəxslərə çatdırmaqla satışını təşkil edən şəxslər saxlanılıblar. Tədbirlər zamanı qeyd edilən qanunazidd əməllərlə məşğul olan Cəlilabad rayon sakinləri əvvəllər məhkum olunmuş Novruzəli Novruzov, onun həmyerlisi Amid Həmzəyev paytaxt sakinləri Cavid Əliyev və Saul Məmmədov tutulublar. Müvafiq olaraq Novruzəli Novruzov və Amid Həmzəyevin üzərindən və Bakı şəhərində gizlətdikləri ünvanlardan satış üçün əldə etdikləri ümumi çəkisi 6 kiloqram 781 qram olan heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edək ki, Novruzəli Novruzov Cəlilabad və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə rəhbərlik edən, həmçinin paytaxt ərazisinə narkotik vasitələri gətirərək satışını təşkil edən əsas şəxslərdən biri olub. O, narkotik vasitələrin satışı zamanı şəxsiyyətini gizli saxlamaq üçün “Ataş” adından istifadə edirmiş.
Əməliyyatların davamı olaraq Cavid Əliyevdən narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı, 4 kiloqram heroin, Saul Məmmədovun üzərindən və Yasamal rayonunda gizlətdiyi yerdən isə 2 kiloqramdan artıq heroin aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən paytaxtın Nəsimi, Yasamal, Xətai, Nizami rayonları və Sumqayıt şəhərində həyata keçirilən əməliyyatlar zamanı sosial şəbəkələrdə, eləcə də müxtəlif vasitələrlə gənclər, xüsusən də qadınlar arasında guya narkotik vasitələrin müsbət tərəflərinin olması barədə həqiqətə uyğun olmayan fikirləri təbliğ etməklə narkotik vasitələrin satışını təşkil edən Emil Məmmədzadə, Nizami Əliyev, Məhyəddin Quliyev, Emil Rəcəbli və Sumqayıt şəhər sakini Elçin Məmmədov saxlanılıblar. Emil Məmmədzadənin üzərindən və yaşadığı evdən 892 qram heroin və metamfetamin, Nizami Əliyevdən 545 qram metamfetamin və marixuana, Məhyəddin Quliyevdən 29 qrama yaxın heroin, Emil Rəcəblidən 5 qram heroin və metamfetamin, Elçin Məmmədovdan 50 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarənin Qərb və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Gəncə, eləcə də Lənkəran şəhərlərində həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyatlar zamanı Gəncə şəhər narkotik vasitələrin satışı ilə məşğul olan Emin Qafarov, Elşən Hüseynov, Lənkəran şəhər sakinləri Əbdül Mirzəyev və Mərdan Mustafayev saxlanılıblar. Adları sadalanan şəxslərdən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 65 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşlara müraciət edərək sağlam gələcək naminə onları narkotik vasitələrdən uzaq durmağa, həmçinin bu maddələrin qanunsuz dövriyyəsi barədə əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməyə çağırırıq.