Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində Maştağada yaşadığı evin zirzəmisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan qəsəbə sakini Zaur Quliyev saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, evə baxış zamanı Zaur Quliyevin kultivasiya etdiyi çəkisi 11 kiloqram olan 96 ədəd çətənə kolu aşkar olunub.
Araşdırma zamanı saxlanılan şəxsin çətənə bitkilərini yetişdirmək üçün zirzəmidə xüsusi havalandırma, işıqlandırma sistemi yaratdığı və oranı ultrabənövşəyi şüalarla təmin etdiyi məlum olub. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb.
Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
“Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.