Narkotik istifadəçiləri ilə cinayətkar kimi davranmaq doğru deyil – ÇIXIŞ YOLLARI

Xəbər - Çingiz Səfərli – Trend:

Narkotik istifadəçiləri ilə cinayətkar kimi davranmaq doğru deyil. Nəzərə almaq lazımdır ki, narkotik maddə istifadəçiləri də cəmiyyətin bir üzvüdür. Onlar, sadəcə, xəstəliyə düçar olublar. Bu günə qədər onların hansı həyatı yaşadıqları, asılılığın necə yarandığı kimi məsələlərin təhlili çox vacibdir ki, digər gənclər də bu bəlaya düşməsinlər.

Bunu AzerTimes-a açıqlamasında psixiatr-narkoloq, tibb elmləri doktoru, professor Araz Əliquliyev deyib.

Onun sözlərinə görə, cəmiyyətdə zidd davranışlar sərgilədikləri, hərəkətləri ilə psixoloji problem, sosial gərginlik yaratdıqları üçün onlara marjinal qrup – cinayətkar kimi yanaşılır: “Könüllü müraciət olduğu halda onları müalicə etmək olar. Lakin bunu istəmirlərsə, cəmiyyətdə yerlərini tutmaları, adekvat davranışlarını təmin etmələri, ətrafda yaşayan insanlara zərər vurmamaları üçün dünyada beynəlxalq təşkilatlar tərəfindən bir çox ölkədə qəbul olunmuş zərərin azaldılması proqramları var. Bu proqramlar çərçivəsində bilavasitə aktiv istifadəçi olan şəxslərə psixoloji yardım göstərilməsi, onların sağlamlığının qorunması üçün şprislərin, digər tibbi ləvazimatların paylanması, müvafiq yerlərin yaradılması, onlarla daim əlaqədə olmaqla sosial-tibbi problemlərinin həll olunması kimi tədbirlər həyata keçirilir. Zərərin azaldılması proqramlarında əvəzedici müalicə tədbirləri mövcuddur. 2000-ci ildə mənim təşəbbüsümlə bu proqram respublikada qanunvericilik səviyyəsində tətbiq edilib. Narkoloji xidmətə nəzarət haqqında qanunda da bu, nəzərdə tutulub. O vaxtdan başlayaraq Respublika Narkoloji Mərkəzinin və SPİD-ə Nəzarət Mərkəzinin nəzdində kabinetlər yaradılıb, burada metodol proqramlar tətbiq olunub. Həmin proqramlara düşmək üçün təbii ki, müəyyən şərtlər var. Vaxtilə zərərin azaldılması proqramları bir çox şəhərlərdə mövcud idi. Təəssüf ki, bu proqramların maliyyələşməsi bitdikdən sonra bu xəstələr başlı-başına qaldı. Ona görə də narkotiklərin əldə edilməsi üçün bir çox hallarda cinayətkarlığa əl atırlar. Öz tələbatını ödəmək üçün psixi davranışlar pozulduğuna görə bir çox hallarda düşünülməmiş hərəkətlərə yol verirlər. Onların bu davranışları da ətrafdakı bir çox insanı qorxudur və narahat edir”.

Ekspert bildirib ki, harada problem yaradan narkotik istifadəçiləri varsa, cinayət törətməyib, lakin ətrafdakı insanlara mənəvi zərər vurursa, qanun çərçivəsində həmin insanlar ərizə formasında məhkəməyə müraciət edə bilərlər: “Bu, cinayət törətməmiş şəxslər üçündür. Cinayət törədənlər üçünsə Cinayət Məcəlləsinin müvafiq maddələri var. İnsanlar İnzibati Xətalar Məcəlləsinə aid olan maddədən çalışıb yararlanmalıdırlar. Özləri birbaşa və ya sahə müvəkkilləri vasitəsilə məhkəməyə müraciət edə bilərlər. Hüquqi baxımdan bunun da təbliği aparılmalıdır. Lakin ilk növbədə bilmək lazımdır ki, bunlar xəstədirlər. Düzdür, özlərinin haradasa səhvi ucbatından bu xəstəliyə düşüblər. Lakin onlarla bu baxımdan marginal qrup kimi davranmaq doğru deyil”.

Twitter:@cingizsafarli

Teqlər: