Paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə AzerTimes-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-2106 markalı, 90 TK 116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rəşad Fuad oğlu Əsgərov saxlanılıb.
Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.