Xəbər - Çingiz Səfərli – Trend:
Narkomaniya ilə bağlı ciddi kriminoloji tədqiqatların aparılmasına ehtiyac var.
Bunu AzerTimes-a açıqlamasında psixiatr-narkoloq, tibb elmləri doktoru, professor Araz Əliquliyev deyib.
Onun sözlərinə görə, narkotik istifadəçilərinə, əsasən, Bakı, Gəncə, Şirvan və Lənkəranda rast gəlinir. Bu, sadəcə rəsmi qeydiyyata alınanlara əsaslanan məlumatdır: “Bakı şəhərində vaxtilə narkotik maddələrin satışı və istifadəsi ilə bağlı aparıcı yerlər “Kubinka” və “Papanin” sayılırdı. Paytaxtın rayonları arasında narkotikdən istifadə halları təxminən bərabər bölüşdürülür. Təəssüf ki, Azərbaycanın digər bölgələrində də narkomaniya yayılıb. Əsasən, Şirvan, Gəncə, Lənkəranda istifadəçilər daha çoxdur. Dəqiq sayla bağlı hələlik bir tədqiqat aparılmayıb. Tam sayı bilmək üçün ciddi kriminoloji tədqiqatların aparılmasına ehtiyac var”.
Ekspert əlavə edib ki, narkotik istifadəçiləri sadəcə tibb müəssisəsinə müraciət etdikdə və ya hər hansısa bir cinayət törətdikləri zaman hüquq mühafizə orqanları tərəfindən müəyyən edildikdə qeydə alınırlar.
Twitter:@cingizsafarli