Paytaxtın Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov tutulub. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.
Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Onun üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.
“Qeyd edək ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”, – məlumatda qeyd edilib.