“Nar” müştəriyönümlülük strategiyasının beynəlxalq səviyyədə tanınması ilə daha bir uğura imza atdı. Mobil operator ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlara layiq görülüb. Qiymətləndirilmə aparıcı beynəlxalq yoxlama və sertifikatlaşdırma şirkəti olan “Bureau Veritas Group” tərəfindən aparılıb. “Nar” müştərilərinə etibarlı şəkildə yüksək keyfiyyətli xidmətlər təqdim etmək öhdəliyini davamlı şəkildə nümayiş etdirərək Beynəlxalq Standartlaşdırma Təşkilatının meyarlarına cavab verib.
“Nar”-ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib ki, ISO sertifikatları mobil operatorun müştəri məmnuniyyətinin təmin olunması məqsədini bir daha təsdiq edir: “Müştəriyönümlülük və sərfəli qiymət “Nar”ın əsas dəyərləridir. Bu sertifikatlar bizim hazırda sistematik və müştəriyönümlü proseslərinin uğurla tətbiq olunmasını əks etdirir. Biz keyfiyyətin idarə edilməsində ən yüksək standartları saxlamaq üçün bu proaktiv yanaşma ilə davam edəcəyik” – Qunnar Panke vurğulayıb.
ISO və ya Beynəlxalq Standartlaşdırma Təşkilatı məhsulların, xidmətlərin və sistemlərin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün beynəlxalq səviyyədə tanınmış standartları müəyyən edən qlobal qurumdur. İSO standartlarına uyğunluq mükəmməlliyə sadiqliyi göstərir, dünya miqyasında müxtəlif sənaye sahələrində etimadı və etibarlılığı gücləndirir.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.