Naqif Həmzəyev Moskva bəyannaməsinin önəmindən danışıb

Azərbaycan 2020-ci ildə işğalçı Ermənistan üzərində zəfər
çalaraq 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü bərpa
etdi.

Bu fikirləri Moskva Bəyannaməsi ilə bağlı danışan Milli Məclisin
deputatı Naqif Həmzəyev deyib.

“Azərbaycan 30 ilə yaxın bir müddət ərzində həll olunmayan
Qarabağ münaqişəsini yekunlaşdırdı və faktiki olaraq qalib ölkə
olaraq Ermənistana humanizm nümayiş etdirərək süh təklifi ilə çıxış
etdi. Üçtərəfli bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklər
var. Bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan diplomatik
və siyasi səylərini artırır. Bu üçtərəfli bəyanatın və bundan
sonrakı Moskva, Soçi, Brüssel görüşlərinin əsas formatı da məhz
Ermənistanın üzərinə götürdüyü öhdəliklərin üzərində qurulmuşdu.
Həmçinin Ermənistan və Azərbaycan arasında kommunikasiyaların
açılması, Zəngəzur dəhlizinin işə düşməsi, sərhədlərin tanınması və
sülhün imzalanması bunun əsas predmetlərindəndir. Göründüyü kimi,
bütün bunların baş tutmasının əsas vasitəçisi Rusiya olub.

Ancaq təəssüflər olsun ki, Ermənistan Rusiyanın vasitəçiliyindən
sanki razı qalmadığına eyham vurub və bu münasibətlərin
tənzimlənməsi üçün Avropa İttifaqını, ATƏT-in Minsk qrupunu,
Fransanı daxil edib, ancaq istənilən halda Azərbaycanın, cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatik
münasibətin nəticəsində Azərbaycanın mövqeyi bütün tərəflər
tərəfindən hörmətlə qarşılanıb. Azərbaycanın açıq və aydın
səsləndirdiyi fikirlərə hər kəs öz dəstəyini göstərmişdi. Bütün
bunlarla yanaşı, Azərbaycan bu münaqişəni yekunlaşdırdıqdan sonra,
ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda uzunmüddətli sülhün
bərpa olunması üçün qonşu dövlətlərlə birlikdə 3+3 formatını
dəstəkləyib. Onsuz da bundan öncə mövcud olan ikitərəfli və
üçtərəfli münasibətlərin 3+3 formatında da davam etdirilməsini və
regionda uzunmüddətli sülhün əldə olunmasının vacibliyini
dəstəkləyib. Bununla əlaqədar olaraq da real işləri həyata
keçirir”.

Deputat bir müddət əvvəl Prezident İlham Əliyev və Türkiyənin
Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin
imzalandığını xatırladıb. Bildirib ki, Şuşa Bəyannaməsi
Azərbaycanın zəfərini, ərazi bütövlütünü, suverenliyini qarant
altına alan anlaşmadır, Türkiyə və Azərbaycan arasında strateji
müttəfiqliyi, qardaşlığın və dostluğun ən böyük zirvəsi kimi
qiymətləndirilməlidir:

“Bu gün də Azərbaycan və Türkiyə arasında əlaqələr inkişaf edir.
Bütün rəsmi dövlət qurumları və təşkilatları arasında əlaqələr
artır, genişlənir. Faktiki olaraq, Azərbaycan və Türkiyə arasında
iqtisadi münasibətilərin inkişafına da töhfə verilir. Bununla
yanaşı Azərbaycan həm İran, həm də Gürcüstanla çox yaxşı
münasibətlərə malikdir. Faktiki olaraq, hazırda regionda Azərbaycan
bu qonşu ölkələrlə yanaşı, Rusiya ilə də çox yaxşı münasibətlər
qura bilib. Bu münasibətlərin çox yaxşı və uğurlu olmasının əsas
səbəbi məhz cənab Prezident İlham Əliyev və Rusiya Prezidenti
Vladimir Putin arasında şəxsi əlaqələrin yaxşı olmasıdır.

44 günlük Vətən Müharibəsində Rusiya Azərbaycanın haqq savaşına
hörmətlə, təmkinlə yanaşdı və Azərbaycanın mövqeyini müəyyən dərəcə
dəstəklədi. Baxmayaq ki, Rusiya və Ermənistan arasında strateji
müttəfiqlik var, ancaq Rusiya Azərbaycanla münasibətlərə önəm
verdiyi üçün əlaqələrin daha da yaxşılaşdırılmasına maraqlı
olduğunu dəfələrlə sübut etdi.

Azərbaycan və Rusiya arasından həm siyasi, həm iqtisadi, həm də
diplomatik münasibətlər inkişaf etməkdədir. Bildiyiniz kimi faktiki
olaraq Avropanın əsas qaz ixracatçısı Rusiyadır. Ancaq buna
baxmayaraq, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz
nəqlini həyata keçirdikdə Rusiya buna normal yanaşdı. Azərbaycanın
müstəqil və suveren haqlarını tanıdı. Azərbaycan faktiki olaraq bu
gün Avropanın enerji təhlükəsizliyində çox mühim rol oynayan
dövlətlərdən biridir. Avropa İttifaqı Avropanın enerji
təhlükəsizliyində oynadığı rola görə Azərbaycana çox böyük önəm
verir”.

Bütün bunlarla yanaşı, Rusiyada kifayət qədər soydaşlarımız
yaşadığını deyən deputat, Şimal qonşumuz olan Rusiyanın dünyanın
əsas aparıcı güclərindən biri olduğunu da qeyd edib.

N.Həmzəyev Prezident İlham Əliyevin fevralın 22-də Rusiyaya növbəti
dəfə səfər etməsinə də toxunaraq, səfərin iki ölkə arasında
münasibətlərin inkişafına böyük töhfə verəcəyini söyləyib. O, bu
baxımdan Moskva bəyannaməsini xüsusi qeyd edib:

“Cənab Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin
dəvəti ilə 22 fevralda Rusiyada səfərdə oldu. Bu səfər zamanı çox
maraqlı görüşlər baş tutdu. Ən önəmlisi ondan ibarətdir ki, Rusiya
və Azərbaycan arasında Moskva bəyannaməsi imzalandı. Bu bəyannamə
Şuşa bəyannaməsinin davamı olaraq Azərbaycan ərazilərinin,
suverenliyinin qorunub saxlanılması, Azərbaycanın milli
təhlükəsizliyinin qarant altına alınması və Rusiya-Azərbaycan
münasibətlərinin daha da inkişaf etməsinə birbaşa xidmət edir.

Bildiyimiz kimi, Azərbaycan ərazisində qeyri-qanuni Ermənistan
silahlıları yerləşdirilib və onların Azərbaycan ərazisindən
çıxarılması üçtərəfli bəyanatda da öz əksini tapmaqdadır. Bununla
yanaşı, rus sülhməramlılarının fəaliyyəti 5 il nəzərdə tutulub. Bu
müddətin başa çatmasına elə də çox vaxt qalmayıb. Bu vaxta qədər
Azərbaycan bütün narazılıqların aradan qaldırılmasına və qanunsuz
erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına
nail olmaq istəyir. Ermənistan və Azərbaycan ərazisində sərhədlərin
tanınması, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların
açılması üçün Rusiyanın rolu əvəzsizdir. Rusiya Ermənistan tərəfinə
təzyiq edərək regionda sülhün əldə edilməsinə nail olunmasına,
Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin
yaxşılaşdırılmasına çox böyük töhfə verə bilər.

Deputat bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin bu
səviyyəyə gəlib çatması alqışlanmalı, Azərbaycanın növbəti
diplomatik uğuru kimi dəyərləndirilməlidir:

“Moskva bəyannaməsinin imzalanması nəticə etibarı ilə Azərbaycanın
qarşısına qoyduğu hədəflərə daha tez və daha təhlükəsiz, az
itkilərlə çatmasına xidmət edəcək. Nəticə etibarı ilə Azərbaycan
Ermənistanı çıxmaqla bütün qonşuları ilə xoş və dostluq
münasibətlərini qurmaqla yanaşı, bunu rəsmiləşdirən və qarant
altına alan bir dövlətdir. Düşünürük ki, ən qısa zamanda
Ermənistanla da ən azından sülh anlaşmasının imzalanmasına nail
olacayıq. Nəticə etibarı ilə ən qısa zamanda Azərbaycanın
hədəflədiyi regionun nəqliyyat şəbəkəsini tamamlayacayıq”.

Deputat Moskva bəyannaməsinin Rusiya-Ukrayna münasibətlərinin
gərginləşməsinin təsiri ilə imzalanmasını əlaqəndirən qüvvələrin
olduğunu da deyib:

“Bunun Ukraynada baş verən proseslərlə heç bir əlaqəsi yoxdur.
Azərbaycan Ukraynaya qarşı fəaliyyətdə Rusiyanın yanında
dayanmayıb. Dəfələrlə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü
dəstəklədiyini ikitərəfli və çoxtərəfli görüşlərdə səsləndirib.
Kırım məsələsində də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü
dəstəklədiyini və Kırımın Ukraynanın ərazisi olduğunu hesab
etdiyini bildirib. Bu baxımdan da Ukrayna-Azərbaycan arasında
strateji dostluq münasibətləri mövcuddur. Rusiya-Azərbaycan
münasibətlərinin Ukrayna-Azərbaycan münasibətlərinə heç bir mənfi
təsir göstərəcəyini düşünmürük. Unutmamalıyıq ki, Gürcüstanla da
Rusiya münasibətlərində gərginlik var, buna baxmayaraq, Azərbaycan
və Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir və
unutmamalıyıq ki, Rusiya-Gürcüstan münasibətlərinin
gərginləşdirdiyi vaxt Azərbaycan açıq-aşkar formada Gürcüstana öz
dəstəyini göstərib, bu gün də öz dəstəyini göstərməkdədir. Bu
baxımdan da Moskva-Bakı yaxınlaşmasını hansısa başqa dövlətlərlə
münasibətlərin gərginləşəcəyi, soyuyacağı ilə bağlı fikirlərə
qarşıyam”.

Teqlər: