Qarşılıqlı müzakirə əsasında keçirilən görüşdə iki ölkə arasında mədəni, iqtisadi, eləcə də, təhsil sahəsində ikitərəfli əməkdaşlıqlar müzakirə olunub.
Ölkələrarası münasibətlərin olduqca yüksək müstəvidə irəlilədiyini bildirən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min bütün Azərbaycan xalqını 44 günlük müharibədə əldə etdiyi tarixi qələbə münasibətiylə təbrik edərək artıq bütöv Azərbaycanla Çin Xalq Respublikası arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını və bu münasibətləri daha irəliyə daşımaq və inkişaf etdirmək üçün ciddi səylə fəaliyyət göstərəcəyini qeyd edib.
Son illər iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın inkişaf edən xətt üzrə yüksəlməsini dövlətlərarası möhkəm dostluq əlaqələrinə söykəndiyini qeyd edən Naqif Həmzəyev bu əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkə tərəfindən mühüm addımların atıldığını qeyd edib. Xüsusən də, ölkə Prezidenti cənab İlham Əliyevin Çinə səfəri zamanı imzalanmış sənədlərin ölkələrarası əlaqələrin möhkəmləndirməsinə və hərtərəfli inkişafındakı roluna diqqət çəkib. Bu gün Azərbaycanın aparıcı universitetlərində çin dili və ədəbiyyatının tədrisindən danışan millət vəkili, bunun iki ölkə arasında mövcud olan əlaqələri daha da möhkəmləndirəcəyini bildirib. Naqif Həmzəyev eyni zamanda bütün dünyanı ağuşuna alan ağır pandemiya dövründə Azərbaycanı COVİD-19 vaksinləri ilə təmin etdiyi və göstərdiyi hər tərəfli dəstəyə görə Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfirinə öz dərin minnətdarlığını bildirib.