Qarabağ xanı İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi, tarixi qaynaqlarda haqqında Qacar xanədanından olan Fətəli şahın xanımı kimi bəhs edilən Ağabəyim ağa Cavanşir (1780/82 -1832) Azərbaycan, fars dilində yazdığı lirik şeirlərlə klassik ədəbi irsimizi zənginləşdirmişdir. Xalqın dillər əzbəri olan lakin zamanla müəllifi unudulan bir çox bayatı və lirik parçaların Ağabəyim ağaya aid olduğu ədəbiyyatşünaslıq tədqiqatları sayəsində aşkarlanmışdır.
Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşir 1780-ci ildə Şuşada anadan olmuş, ilk gənclik illərindən “Ağabacı” təxəllüsü ilə lirik-aşiqanə şeirlər yazmışdır. Milli ədəbiyyatımızın bu zərif, kövrək ruhlu, əsilzadə şairinin yaradıcılığında Vətən mövzusu daha önəmli yer tutmuş, Qarabağ sevgisi, el-oba həsrəti aparıcı bədii motivlər kimi diqqət mərkəzində olmuşdur.
Dönəmin siyasi hadisələri xan qızının taleyinə amansız zərbələr vurmuş, onu vətənindən, doğmalarından ayrı salmışdır. Ağa Məhəmməd şah Qacar ikinci dəfə Qafqaza yürüşü zamanı, 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun qardaşı Hüseynqulu xan Cihansızın oğlu Fətəli şah Qacar (Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacar (1771, Damğan, Simnan– 23.10.1834, İsfahan) çıxır və öz hakimiyyətinin təhlükəsizliyini təmin etmək üçün bir sıra qərarlar alır. Həmin qərarlardan biri də Qarabağ xanlığı ilə bağlı idi. Belə ki, Fətəli şah “hər iki tərəfin xatircəmliyi üçün” İbrahim xandan öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahim xan bu nikaha razılıq verərək, istəkli qızını Qacarlar xanədanının başçısı Fətəli şaha ərə verir. Ağabəyim ağanın gənc ömrünün kədərli, vətən həsrətli günləri də bundan sonra başlayır.
Tehrana gəlin köçməzdən öncə o, doğulub-böyüdüyü torpaqların gözəlliyini, ürəkaçan mənzərələrini son dəfə görmək, ilahi xilqətdən yaranan əsrarəngiz meşələri, gül-çiçəkli yaylaqları, yaşıl örtüklü dağları gözlərinin yaddaşına köçürmək üçün Şuşanı gəzməyə çıxır. Baxmaqdan doymadığı ana vətəninin hər qarışını beyninə həkk edir, ruhu qanadlanıb Şuşa qalasının dörd bir tərəfini dolaşır, göz yaşı kimi dumduru bulaqların buz kimi suyundan içir, xarıbülbülün ətrini son dəfə köksünə çəkir.
Fətəli şah Qacar da şair idi, “Xaqan” təxəllüsü ilə lirik, aşiqanə qəzəllər yazırdı. Onun zərif düşüncəli, şair qəlbli Ağabəyim ağaya qarşı həssaslığı digər hərəmlərinə münasibətindən kəskin surətdə fərqlənirdi. Fətəli şah böyük ehtiram əlaməti olaraq ona “Sarayın məlaikəsi” statusunu vermişdi. Buna baxmayaraq, Ağabəyim ağa Qacar sarayının divarları arasında sıxılır, öncəki azad həyatı, doğma el-obası üçün darıxdığından daim təkliyə çəkilir, incə ruhlu şeirlər yazır – dərdini, qəmini ağ vərəqlərə “yükləyirdi”.
Qaynaqlarda yazıldığına görə, Ağabəyim ağa dərin dərrakəli, möhkəm hafizəli, geniş dünyagörüşlü və savadlı bir qadın olub. O, ərəb, fars, fransız dillərində səlis danışır, “Quran”ı əzbərdən bilirdi. Şeirə, sənətə böyük dəyər verən Ağabəyim ağanın ən sevimli şairi Məhəmməd Füzuli idi. Ağabəyim ağa bir neçə dil bilməsi və dərin savadı sayəsində tez bir zamanda Fətəli şahın da güvənini qazanmış, şah dövlətin diplomatik münasibətlərində önəmli olan danışıqlara və məktublaşmalara Ağabəyim ağanı da cəlb etmişdi. Vaxtilə atası İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqifdən dərs alan Ağabəyim ağa sonralar fransız dilini öyrənərək biliklərini daha da genişləndirmiş, həmçinin dövrünün bir sıra görkəmli şəxsiyyətləri ilə məktublaşmışdı. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. 1812-ci ildə isə İngiltərə səfiri Ser Qor Ouzli Tehranda danışıqlar apardığı zaman səfirin xanımı da ölkənin birinci xanımı – saray məlaikəsi ilə görüşməyə can atmışdı. Baş tutan həmin görüş haqqında ingilis səyyahı və diplomatı Ceymz Moriyerin yazdıqları xüsusi maraq doğurur. Sarayın məlaikəsi Ağabacı Ağa ilə görüşü təfsilatı ilə verən Moriyer yazırdı:
“Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya daxil olmaq üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi”.
Bu görüşdə səfirin xanımı Ağabəyim ağaya İngiltərə kraliçasının hədiyyəsi olan ənbər – qiymətli ətir də gətirmişdi.
İranın bir çox ölkələrlə diplomatik danışıqlarının uğurlu keçməsində Ağabəyim ağanın müstəsna rolu olmuşdur. Eləcə də Rusiya və Qacarlar imperiyaları arasında münasibətlərin barışıqla nəticələnməsi işində Ağabəyim ağanın xidmətləri danılmazdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda onun müdrikliyi haqqında söz açır, dövrünün bu görkəmli şəxsiyyətini “şahın ikinci zöhrəsi”, “tale ulduzu” adlandırırdı.
Gözəlliyinin şöhrəti hər tərəfə yayılan Ağabəyim ağa son dərəcə qabiliyyətli, bacarıqlı, vətəncanlı olmaqla yanaşı, həm də çox ədalətli bir qadın olub. O, dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmünə məhkum edilənlərin əfvinə çalışır və buna nail olurdu. Ağabəyim ağanın xidmətlərinə nəzər saldıqda onu öz dövrünün insan hüquqları müdafiəçisi kimi səciyyələndirmək olar. İrəvan xanı Hüseynqulu xanın ruslara əsir düşmüş qardaşı, yüzbaşı, “sarı aslan” ləqəbli Həsən xanın azad olunması da Ağabacı ağanın köməyi sayəsində mümkün olmuşdur.
Ağabəyim ağanın ömrü, həyat yolu həm də yenilməz bir sevgi qalası, məhəbbət abidəsidir. İlk gəncliyindən əmisi Mehralı bəyin oğlu Məhəmmədə könül verən xan qızı ömrü boyu bu sevgiyə sadiq qalıb. Siyasi münasibətləri tənzimləmək məqsədilə Fətəli şah Qacara ərə verilsə də, bu nikah yalnız kağız üstündə qalıb. Ağabəyim ağa heç vaxt Fətəli şaha zövcəlik etməyib, qəlbində başqa birinə qarşı sevgi duyduğunu cəsarətlə şah ərinə bildirib. Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminlinin də bu barədə qeydləri vardır.
Ağabəyim ağanın ən böyük sevdası isə bütün qəlbi və ruhu ilə bağlı olduğu Qarabağ idi. Qarabağın həsrəti ilə yaşayan şair qərib diyarda keçən ömrün puç olduğunu düşünürdü. Bu kədərli taleyin ən gözəl yadigarı isə onu nəsillərə sevdirən poetik incilərdir. Köksündəki Qarabağ sevgisini, Şuşa həsrətini, Xarıbülbül nisgilini bir ömür yaşadan xan qızı bu dərdlə də dünyanı tərk edib, doğma vətəninə bir daha qovuşmayıb…
O, 1832-ci ildə Tehranda həyatla vidalaşıb və Darül-İman adlanan Qum şəhərində dəfn olunub. Bu həmin şəhər idi ki, Fətəli şah tərəfindən ona bağışlanmış, Ağabəyim ağa ömrünün son illərini burada yaşamışdı. Tədqiqatçıların yazdığına görə, Quma gələnə qədər imamzadə Qasım məqbərəsindəki hücrəsində tənhalığa çəkilən Ağabəyim ağa Quma köçəndən sonra ətrafına Qarabağdan gətirdiyi saray xidmətçilərini toplamışdı. Vətəninin zəkalı və tanınmış şəxslərindən ibarət olan 200-dən artıq xidmətçisi ilə Qumda yaşayan Ağabəyim ağa görünür bununla vətən həsrətini qismən azaltmaq istəmişdi. Lakin bu həsrət heç vaxt azalmamış, getdikcə alovlanmış, Qarabağın Ankası (Səməndər qızı) özünü bu alovların içində yandırmışdı…
Ağabəyim ağanın vətən dərdi Fətəli şahı da ciddi şəkildə düşündürüb, rahatsız edib. Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə, yüksək ləyaqətinə də məftun olan, onu həddən artıq çox sevən Fətəli şah çalışırmış ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edən şah arvadının vətən həsrətini, dərdini azaltmaq üçün yollar axtarıb. Buna görə Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta bu sarayın ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları da Şuşadakı kimi düzəltdirmişdi. Ağabəyim ağa vətən xiffəti çəkməsin deyə çalışan şahın cəhdləri isə heç bir nəticə verməmişdi.
Ağabəyim ağa üçün heç bir dəbdəbə, sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu, indi dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlib:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Karabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ…
Bu bayatı iki əsrdən çoxdur ki, vətən həsrətində qovrulanların könül rübabını səsləndirir. Böyük məna, dərin fikir yükü olan bu lirik parça Qarabağın, musiqi beşiyimiz Şuşanın simvollarından birinə çevrilib. Bu bayatını eşitdikdən sonra Fətəli şah qərar verib, gərək Tehranda elə bir bağ saldırsın ki, Şuşada bitən ağac, meyvə, gül kolları burada da olsun. Hətta torpağı da, bağbanı da Şuşadan gətizdirərək Tehranda nəhəng bir bağ saldırıb. Qarabağın hər gülünün, çiçəyinin bitdiyi, “Vətən bağı” adlanan bu bağ cənnət guşəsinə bənzəyirmiş. Həmin bağda gəzib dolaşan, Şuşanın ətrini bu məkandan alan Ağabəyim ağa bülbüllərin nəğməsinə qulaq asıb, ağacların kölgəsində vətəninin xəyalına dalıb. Bu yaşıl libaslı bağda xarı bülbüldən başqa hər bitki vardı. Çünki xarıbülbül özgə torpaqda bitmirdi…
Şuşanın vəfalı qızı Ağabəyim ağa qərib eldə kök sala bilmədiyi kimi, xarıbülbülün də vətən torpağına sadiqliyi dillərdə dastandır… Ağabəyim ağa bağı ilk dəfə seyr edəndə burada xarıbülbülün olmadığını görüncə kədərli bir şeir yazıb:
“Vətən bağı” al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Ömrünün sonuna kimi vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm Arazın o tayında, həm də bu tayında – doğma el-obasında dildən-dilə keçərək yaşayıb. Bəzilərinin ona məxsus olduğu uzun müddət bilinməyib. Qürbət eldə tənhalığın, doğmalarından uzaq olmağın əzabını yaşayan bu incə ruhlu xan qızının şikayət dolu namələrindən birində deyilir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Bu qəzəlin bizə bəlli olan, günümüzə qədər gəlib çatan misraları ancaq bunlardır. Güney Azərbaycanda bu qəzəlin bütöv halda olduğunu güman edirik. Çünki Ağabəyim ağa ilə bağlı fakt və bilgilər daha çox Qacar sarayı tarixçilərinin əsərlərində yer alıb.
Tanınmış tədqiqatçı V.Quliyevin qeyd etgdiyi kimi, İranda fars dilində Ağabəyim ağanın şeirlərinin olduğuna inanır, bir gün bu şeirlərin doğma dilimizə tərcümə edilib klassik irsimizi daha da zənginləşdirəcəyini düşünürük. Çünki Ağabəyim ağanın “Ağabacı” təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində yazdığı lirik, aşiqanə, eyni zamanda vətən nisgilli şeirlərdən bizə yadigar qalan bir neçə bədii parça bu yaradıcılığın məzmun, bədii mündəricə zənginliyi kimi, sayca da yetərincə örnəkləri olduğunu təsdiqləyir.
Nakam taleli unudulmaz şairin həyat və yaradıcılığı hələ ki geniş tədqiqatların mövzusu olmadığından yazdıqları gərəyincə araşdırılmamış, şeirləri toplanıb nəşr edilməmişdir. Şeirləri sadəcə dildən-dilə keçərək yaşayan Ağabəyim ağanın – incə ruhlu Ağabacının böyük bir ədəbi irsi olduğu isə şəksizdir. Bir neçə şeiri ilə yüksək istedad sahibi olduğunu müşahidə etdiyimiz şairin yazdıqlarının arxiv sənədlərində, qədim kitablarda, səyahətnamələrdə və digər qaynaqlarda mövcudluğuna inanırıq. Çünki bircə bayatısı ilə könülləri riqqətə gətirən bir şairin yaradıcılığı yalnız bu bayatıdan ibarət ola bilməz.
Xan qızının fars dilində yazdığı bir qəzəlin sətri tərcüməsi belədir: “Ta qiyamətə qədər yazılsa qurtarmaz, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın hekayəti”. Güman etmək çətin deyil ki, bu “gözəlliyin dəftəri” Ağabəyim ağanın əbədi və solmaz eşqi olan Şuşadır! Kövrək qəlbli, zərif ruhlu xan qızının həsrətilə gözünü yumduğu Şuşa bu gün öz azadlığına qovuşub. – Sanki girov kimi Fətəli şaha ərə verilməsi xan qızına necə ağır təsir etmişdisə, Şuşanın əsirliyi də Azərbaycan övladlarının bağrını o cür yaralamışdı.
Artıq ayrılıq bitdi! Zəfər bayrağının dalğalandığı Şuşamızda xan qızı Ağabəyim ağanın azad ruhu daha şad-xürrəm dolaşacaq. Qələmindən süzülən inci şeirlər sədaqətli vətən qızını nəinki Şuşada, vətənin hər guşəsində gələcək nəsillərə xatırladacaq…
Ruhu şad olsun!