Dünya tarixində “ən çox qələbə qazanan sərkərdə” titulunu bu günə qədər özündə saxlayan Napoleon Bonapart 56 qələbə ilə ilk yerdə durmaqda davam edir. Ondan sonra yerləri Sezar, Makdeoniyalı İsgəndər tutur. Amma heç vaxt dilə gətirilməyən bir həqiqət var: Bu da Napoleonun döyüş strategiyasını Nadir Şahdan götürməsidir.
İllərdir fransızlar və dünyanın bəzi tarixçiləri Azərbaycan torpaqlarında böyük imperiya quran, əfşar türkü olan Nadir Şahın nəinki Napoleon, bir çox Avropa və Şərq sərkərdəsi üçün örnək olmasını gizlətməyə çalışır.
İslam şərqini Nadir, Avropanı isə sonuncu dəfə Napoleon birləşdirdi. Hər ikisi böyük sərkərdə idi və hakimiyyəti öz qılıncları, öz istedadları və qabiliyyətləri ilə fəth etmişdilər. Onlar hakimiyyəti irsi qəbul etməmişdilər, sarayda yaşamamışdılar, saray adət-ənənəsinə bələd deyildilər. Onlar hakimiyyətdə öz qayda-qanunlarını, idarəetmə üsullarını yaratmışdılar.
Çox az adam bilir ki, Napoleon hökmran olanda Nadir Şahın bəzi xarizmatik hərəkətlərini təqlid etmişdir. Ciddi tədqiqatçılar Napoleonun hərəkətlərini diqqətlə izləsə və Nadir Şahı bilsə, görər ki, onun bəzi addımları eynilə Nadir Şahın təkrarıdır.
Sadəcə bir misal: İmperator adı alan gün Roma Papası imperator tacını onun başına qoymaq istəyəndə, Napoleon tələsik tacı onun əlindən almış və özü öz başına qoymuşdu. Yəni “məni məhz özüm imperator etmişəm” mesajını vermişdi. Lakin bu hərəkəti Nadir Şahı yamsılamaqdır: Nadirqulu Xan 8 mart 1736-cı ildə Cavadda (Suqovuşanda) özünü şah elan edəndə mollabaşı Mirzə Əbdül Həsənin əlindən tacı alıb, özü öz başına qoymuşdu və “məni şah edən özüməm” mesajını vermişdi. Bəs bunu hardan bilirdi Napoleon?
Qacar dövlətinə səfər etmiş fransız şərqşünası Amadeus Jaubert Napoleonla görüşəndə Şərqin fatehi Nadir Şah barədə ona məlumatlar verir. Buna qədər də Nadir Şah haqda məlumatlı olan fransız fatehi onun haqqında daha çox məlumat toplamağa başlayır. Rudi Matthee adlı tarixçi yazır ki, Napoelon Qacar dövlətinə, Fətəli şaha məktub göndərir, Nadir Şah haqda məlumat istəyir, Fətəli şah isə Parisdəki səfiri Əsgər xan Əfşarla Nadir Şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astarabadi tərəfindən qələmə alınan tarixi əsəri – “Tarix-e Cahanqoşa-ye Nadir”in (kitabın ilk adı “Tarix-e Nadir” olub. Sonradan farslar onun orijinal nüsxələrini məhv edib adını dəyişirlər) bir nüsxəsini Parisə göndərir və kitab İmperator Kitabxanasına bağışlanır. Sonradan bu kitabın fransız dilinə çevrilməsini tapşıran İmperator Napoleon o kitabla yanaşı, Ande de Klaustrenin (André de Claustre) müəllifi olduğu “Tomas Quli xanın tarixi: Yeni fars kralı” (“Histoire De Thamas Kouli-kan: Nouveau Roi De Perse”) kitablarını daima yanında saxlamışdır. Hətta Müqəddəs Yelena adasında sürgündə olan zaman onun masasının üstündə bu kitablar olub.
Nadir Şahla Napoleon arasında bir oxşarlıq və paralellik də onların hər ikisinin artilleriyaçı olması idi. Döyüş zamanı iriçaplı və nisbətən xırda çaplı topların yerləşdirilməsi üsulu, atəşin troyektoriyasının müəyyən edilməsi və s. sahəsində onların hər ikisi onlaradək mövcud olmayan yeni qaydaların tətbiq edilməsi ilə döyüşdə mühüm qələbələr qazanıblar.
Hər ikisi qorxmaz və mərd idi. Onları döyüşün ən qızğın yerlərində görmək olardı. Öz sərkərdələrini at üstündə döyüşən görən əsgərlər daha da cürətlənir və düşmən üzərinə yeriyirdilər.
Bir faktı da qeyd edim ki, Napoleon Rusiyaya qarşı müharibəyə başlayanda 700 min əsgəri var idi, 230 minlik rus ordusu isə bu dalğanın qarşısında duruş gətirə bilməzdi. “Otranto hersoqu Jozef Fuşenin xatirələri. Paris, 1824” (“Mémoires de Joseph Fouché, duc d’Otrante. Paris, 1824”) kitabında belə bir qeyd var. Rus çarı Aleksandr Napoleona qarşı çıxmaq üçün düşmənçilik etdiyi ölkələrdən də kömək istəmişdi. Onun kömək istədiyi yerlərdən biri də Azərbaycan xanlıqları idi. Xanlıqlardan 20 mindən bir az çox əsgər gəlmişdi.
Zəruri bir qeyd edim ki, Napoleon Bonapartın sağ əli azərbaycanlı Rüstəm bəy olub.
Napoleon da Nadir Şahın ordu quruculuğndan yararlanmışdı. Nadir Şah ağır silahlarla siahlanmış süvarilərə qarşı döyüşə bilmək üçün texniki və yüksək səviyyəli piyada qoşunu qura bilmişdi. O, artilleriyanın dəstəklədiyi, tüfəng və top atəşlərinin əlaqələndirildiyi çox güclü ordu yaratmışdı. Napoleon da Misirə gələndə eyni sistemlə ordusunu formalaşdırır. Nadir Şahın Herat şəhərinin ələ keçirilməsi üçün aparılan döyüş strategiyasının oxşarını Napoleon Misiri fəth edən zaman istifadə etmişdir.
Hər iki hərbi döyüşün xəritəsini təqdim edirəm:
1) Əfqanlarla döyüşdə Nadir mühafizə birliyini Tal təpələri üzərində olan sol cinahı qorumaq üçün irəli göndərir, bu vaxtdan isə artilleriyanı piyada yoluna baxan yüksək yerə yerləşdirmək üçün istifadə edir. Nadir piyada qoşununu toplayaraq əfqan ordusunun mərkəzinə hücum edir və onu iki yerə bölür.
2) Borodino döyüşü – 26 avqust-7 sentyabr 1812-ci ildə Napoleonun hərbi düzümü. Eyni dəst-xətt. Nadir Şahın strategiyasının oxşarı.
Onların faciəli sonluqlarında fərq Nadir Şahın xaincəsinə öldürülməsi, Napoleonun isə öz sərkərdələri tərəfindən satqıncasına tərk edilməsi oldu. Nadir Şah o dünyaya, Napoleon isə əlçatmaz bir adaya (əvvəlcə Elbaya, sonra isə Müqəddəs Yelena adasına sürgünə) göndərildi. Amma Napoleon özünün 100 günlük ikinci hakimiyyəti zamanı bir də parladı və Vaterloda satqınlıq nəticəsində məğlub edildi.
Nadir şah isə heç vaxt məğlub olmadı.