“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın 1-ci bəndinə uyğun olaraq birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır və bir neçə həftə ərzində davam edir.
Bunu AzerTimes-a MSK-nın Media və ictimai əlaqələr şöbəsinə müdiri Şahin Əsədli deyib.
O bildirib ki, namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər seçki dairəsinə təqdim edildikdən sonrakı 5 gün ərzində təsdiq edilib-edilməməsi barədə qərar qəbul olunur.
“Namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması 13 iyul tarixində başlayır, 2 avqust, saat 18:00-da isə başa çatır. Namizədliyi irəli sürmək ayrı hüquqi institutdur, qeydə alınması başqa. Namizədliyini irəli sürmək istəyən şəxs müvafiq dairə seçki komissiyasına yaxınlaşaraq hazır formanı doldurur. Doldurulan formaya 5 gün ərzində baxılır, qərar verilir ki, bu şəxs deputatlığa namizədliyini irəli sürə bilər, ya yox. Təsdiq olunduğu halda imza vərəqələri verilir. İmza toplanıldıqdan sonra isə müvafiq seçki sənədləri dairə seçki komissiyasına təqdim olunur. İmza vərəqələri və seçki sənədlərinin təqdim edilməsi üçün müddət avqustun 2-si başa çatır. Bu proses üçün sənədləri iyulun 13-dən tez, avqustun 2-dən isə gec verə bilməzsiniz. Namizədin qeydə alınması başa çatdıqdan sonra isə 9 avqust tarixində seçkiqabağı təşviqatın aparılması başlanır və avqustun 31-i saat 08:00-da dayandırılır. Bununla bağlı Təqvim Planının 1, 2, 15, 27 və digər bəndlərində ətraflı məlumat var”.