Namizədlər seçici imzalarına nə qədər xərcləyib?

Namizədlər seçici imzalarına nə qədər xərcləyib?

Prezidentliyə qeydə alınmış bütün namizədlər seçki fondlarının gəlir və xərclərinin maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə AzerTimes-a MSK-dan məlumat verilib.

Bildirilib ki, YAP-ın təqdim etdiyi hesabatda Prezident İlham Əliyevin seçki fonduna 250 min manat daxil edildiyi göstərilib. Vəsaitin partiya hesabından gəldiyi qeyd olunub.

Zahid Orucun maliyyə hesabatında 19 min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur. Vəsaitin 8 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib.

Razi Nurullayev isə hesabatda fiziki şəxslərdən 3 min manat gəlir əldə etdiyini qeyd edib. O, xərclər hissəsində heç bir rəqəm təqdim etməyib.

Qüdrət Həsənquliyev maliyyə hesabatında fondunun 10 min manatının namizədin xüsüsi vəsaiti, 10 min manatının isə fiziki şəxslərin könüllü ianəlləri əsasında formalaşdığını qeyd edib. O, maliyyə hesabatında vəsaitin 15 min manatını seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənildiyini bildirib.

Fazil Mustafa maliyyə hesabatında xüsusi vəsaiti hesabına 10 min manat gəlirinin olduğunu qeyd edib. Vəsaitin 8 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib.

Fuad Əliyev maliyyə hesabatında xüsusi hesabında 2 min manat gəlirinin olduğunu qeyd edib. O, xərclər hissəsində heç bir rəqəm təqdim etməyib.

Elşad Musayev maliyə hesabatında fiziki şəxslərdən könüllü ianələr hesabına 1500 manat gəlirinin olduğunu, bunun da 1000 manatını seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf olunduğunu qeyd edib.

Xatırladaq ki, növbədənkənar prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək.

Teqlər: