Bu seçkinin favoriti İlham Əliyevdir. Bu seçki Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonrakı ilk prezident seçkiləridir. Bu işğalın sona çatmasının, torpaqların azad olunmasının əsas müəllifi heç şübhəsiz ki, İlham Əliyevdir. Onun favoritliyi cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul olunur.
Bunu AzerTimes-a açıqlmasında Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizədliyinə irəli sürən Fazil Mustafa deyib.
“Seçki demokratik prosesdir və bu prosesdə təkcə bir nəfərin iştirakı ilə məsələ həll olunmur. Burada fikirlər səslənməlidir, düşüncələr ortaya qoyulmalıdır. Siyasi partiyalar rəqabətdə özünə dəstək yığmalıdır, həmçinin cəmiyyətin gələcəyi ilə bağlı öz fikirlərini çatdırmalıdır. Bundan həm cəmiyyət, həm də iqtidarın özü yararlana bilər. Ona görə də biz müxalifət partiyası olaraq demokratik bir prosesin içində yer almağı vəzifə borcu hesab edirik. Bu prosesdə, görüşlərdə, debatlarda baxışlarımızı açıq şəkildə ortaya qoyacağıq. Bu da bizim partiya üçün böyük bir təcrübə və dəstək qazanmaq fürsəti olacaq. Bu məsələdə şansa baxıb seçkidə iştirak etmirlər, niyyətlə, məramla iştirak edirlər. Cəmiyyətdə demokratiyaya, islahatlara dəstək vermək üçün mütləq hamı əlindən gələni etməlidir. Biz də namizəd olaraq məhz demokratiyaya dəstək vermək və prosesləri irəli götürmək üçün seçkidə iştirak edəcəyik”, – F.Mustafa bildirib.
Milli Cəbhə Partiyasının sədri, prezidentliyə namizədliyini irəli sürən Razi Nurullayev də Azərbaycanda bu seçkilərin keçirilməsinin xüsusi önəm daşıdığını deyib:
“Milli Cəbhə Partiyası seçkilərə hansı şüarla, hansı formatla və vədlərlə qatılacağını hazırlayacaq, seçki kampaniyası başlayan zaman onları açıqlayacaq. MCP sosial-demokratiya ideologiyasına söykənən bir partiyadır və bu seçkilərdə sosial-demokratiya ideologiyasının insanlarımıza çatdırılmasına çalışacaq. Təbii ki, güclü namizədlə qarşı-qarşıyayıq. Amma bu bizi qorxutmur. Partiyamızın öz proqramı, öz gündəmi və öz formatı olacaq. Biz öz gündəmimizlə seçkilərə qatılırıq. Seçki müddətində də öz gündəmimizdə olan məsələlər ətrafında xalqa çağırışlar edib, onların səsini qazanmağa çalışacağıq”.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev bildirib ki, bu seçkilərdə iştirak etmək ilk növbədə dövlətçilik məsələsidir:
“Bu seçkilərdə ölkə Prezidenti İlham Əliyevin şansı yüksəkdir. O, rəqiblərindən çox qabaqdadır və hamı tərəfindən də etiraf olunur. Seçkiyə gedən siyasi qüvvələr heç də hamısı qalib olmur. Bu bir prosesdir, təbliğat imkanıdır, təşkilat strukturunun möhkəmləndirilməsidir, elektoratın genişləndirilməsidir, əlavə güclərin toplanmasıdır, parlament seçkilərində bu təcrübədən istifadə edib, uğur qazanmaqdır. Ona görə, siyasi partiyaların əksəriyyəti növbəti mərhələ üçün bir şans qazanır. Hesab edirik ki, bizim şansımız elektorat, əlaqələr, təşkilati struktur baxımından çoxdur. Ən azı ikinci yeri tuta bilərik. Eyni zamanda əlimizi daşın altına qoyuruq. Hesab edirəm ki, bu bizim partiya üçün uğurlu bir gediş olacaq”.
Prezidentliyə namizədliyini irəli sürən digər şəxs – Fuad Əliyev bildirib ki, maraqlı platformaları var və növbəti mərhələdə onları açıqlayacaqlar:
“Sözsüz ki, dövlət başçısı İlham Əliyevin cəmiyyətdə çox böyük nüfuzu var. Məlum məsələdir ki, tarixdə qalib prezident kimi qaldı. Ona rəqib olmaq, seçkidə iştirak etmək çətin məsələdir. Amma mən və komandam hesab edirik ki, seçkidə iştirak edib, öz baxışımızla müəyyən məsələləri cəmiyyətə çatdırmalıyıq. Bu gün iştirak edib sözsüz ki, qalib gəlməyə çalışacağıq, amma o əsas olmamalıdır. Çünki qalib tərəf digər namizədlərin seçki kampaniyasında təqdim olunan iqtisadi-siyasi platformalardan yararlana bilər”.