Hörmətli gürcü xalqı, biz diz çökmədik, ləyaqətlə qalib gəldik. Avropa Birliyinə namizəd statusunu layiqincə qazandıq. Bu tarixi qələbə sizə məxsusdur, bizim yenilməz, sarsılmaz, qürurlu və azad gürcü xalqına.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azadlıq Meydanında ölkəsinin Avropa Birliyinə namizəd statusunun əldə etməsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, hökumət və xalq AB-yə namizəd statusunu layiqincə qazanıb:
“Namizəd olmağınız münasibətilə təbrik edirik! Mübarizə etdik, çox çalışdıq və birlikdə qalib gəldik. Biz bu qələbəyə layiqik. Gürcü xalqı adından çalışdıq, vuruşduq və birlikdə bu qələbəni qazandıq”.
Onun sözlərinə görə, indi Gürcüstan daha böyük qələbəyə, ölkənin birləşməsinə hazırlaşmalıdır:
“Bu yol asan olmayıb, çox sınaqlardan keçmişik, çox çətinliklərlə üzləşmişik, lakin biz bu yolu ləyaqətlə, qətiyyətlə addımlamışıq və bugünkü vəziyyətə gəlmişik. Bu gündən Gürcüstan Avropa ölkəsinə çevrildi”.