Cari ilin altı ayında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Dövr ərzində tədiyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib.
AzerTimes Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib və bu da əsasən de-dollarlaşma meyilləri ilə izah edilir. 2021-ci ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,2 faiz azalaraq 12,2 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,3 faizi ABŞ dollarında, 14,7 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,3 faizi banklararası valyuta bazarında (BVB), 70,7 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Dövr ərzində BVB-də əməliyyatların 99,2 faizi ABŞ dollarında, 0,8 faizi avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 8,6 milyard dollar ekvivalentində olub ki, bunun da 79,6 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94,9 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42 faiz azalaraq 1,9 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 84,2 faizi ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələyib.