Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Azericard” prosessinq mərkəzi Azərbaycanda ödənişlərin həyata keçirilməsi üçün innovativ vasitələri genişləndirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu “Azericard”ın baş direktoru Fərid Quliyev bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.
“Azericard” şəbəkəsi 30 mindən çox POS terminaldan və 1,6 min bankomatdan ibarətdir. “MasterCard” vasitəsilə ödənişlər pandemiya dövründə 40 faiz artıb və rəqəmsallaşma prosesini yeddi il sürətləndirib. Biz, həmçinin ödənişlər zamanı tərəfdaş bankların təhlükəsizliyini təmin edirik”, – deyə o, bildirib.
Onun sözlərinə görə, pandemiyaya qədər nağdsız ödənişlərin olmadığı sahələr təxirə salınmadan rəqəmsallaşdırılıb.
“Prosessinq mərkəzimiz Azərbaycan bankları ilə tərəfdaşlıqda rəqəmsallaşma və nağdsız ödənişlərin genişlənməsi üçün zəruri vasitələr təqdim edir. Bu gün bizim platformamızda 3,7 milyon təmassız kart qeydiyyata alınıb. Bizim fəaliyyətimiz bankları həm maliyyə texnologiyaları, həm də təhlükəsizliyin təmin olunması məsələlərində zəruri həllərlə təmin edir. Bu gün 16 banka xidmət göstəririk və bu rəqəmi gələcəkdə artırmağı planlaşdırırıq”, – F.Quliyev bildirib.
(Tərcümə: Orxan Nəbiyev)