Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün 2 fevral Gənclər Günüdür. Azərbaycan gənci bu ili fərqli ab-havada qeyd edir. Çünki biz artıq ərazi bütövlüyümüzün bərpası fonunda gənclər gününü qeyd edirik. Azərbaycan gəncliyi hər zaman vətənpərvərlik ruhunda yetişib, milli və dövlətçilik maraqlarımızın təmin olunması istiqamətində fəaliyyət göstərib. Biz 44 günlük Vətən Müharibəsində bunun əyani şahidi olduq. Əmin olduq ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, gənclərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsinin əsas qəhrəmanları kimi sözün həqiqi mənasında tarix yazdılar: “Məhz son 17 ildə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəsil tarixi torpqlarımız düşmən işğalından azad etdi. Hələ ötən il Tovuz əməliyyatlarında minlərlə gəncin könüllü şəkildə orduya yazılmaq istəyi də göstərirdi ki, bu illər ərzində torpaqlarımızın işğal altında qalmasına baxmayaraq yaşlı nəsil kimi gənc nəsil də bir amalla yaşayır – Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, tarixi torpaqlarımızı işğaldan azad etmək. Təsadüfi deyil ki, Vətən Müharibəsində də əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Müharibədə iştirak edən və şəhid olan gənclərimizin böyük əksəriyyətinin yaşı artıq tarixə qovuşan münaqişənin yaşından az idi. Prezident İlham Əliyevin güclü Lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub. Bu mənada əminliklə söykəmək olar ki, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yetişən, formalaşan müzəffər gənclərimizlə hər birimiz qürur duyuruq.
Ümumiyyətlə, bu gün ölkəmizin hərtərəfli inkişafında azərbaycançılıq məfkurəsi ilə yetişən, müasir biliklərə yiyələnmiş, yüksək intellektə malik olan gənclərimizin rolu əvəzsizdir. Gənc peşəkarların bütün sahələrdə – hərbi sahədə, idman, elm-təhsil, tibb, innovasiyalar, dövlət idarəçiliyində mühüm mövqelər tutması ölkəmizin bundan sonrakı inkişafı ilə də bağlı nikbin proqnozlar səsləndirməyə zəmin yaradır”.