Müzəffər Ali Baş Komandanın Gənclər Forumunda səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu daha da artırıb (FOTO)

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı və çoxsaylı sualları cavablandırarkən səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb, onların fəaliyyətində yeni bir mərhələnin başlanğıcını qoyub.

Hazırda Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, ideoloji və mədəniyyət mərkəzlərində Gənclər Forumunun materialları geniş təbliğ edilərək dərindən öyrənilir, forum iştirakçıları ilə şəxsi heyətin görüşləri keçirilir və Ordu gəncləri milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutaraq Vətənə, xalqa, dövlətə sədaqətli xidmətlərini şərəflə davam etdirirlər.

Forumun əvvəlində Prezidentə ünvanlanan “Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gənclərinin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına Müzəffər Ali Baş Komandanın əhatəli cavabı hər bir Vətən əsgəri üçün də artıq fəaliyyət kredosuna çevrilib: “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir… Müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub… Biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq”.

Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoymuş ulu öndər Heydər Əliyev vaxtilə demişdir: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.
Prezident İlham Əliyev Gənclər Forumunda sualları cavablandırarkən dediyi hər kəlmədə, hər fikrində də gənclərimizi milli dəyərlərimizin tərkib hissəsi olan zəngin mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, ana dilimizi qorumağa, milli köklər üzərində inkişaf etdirməyə, gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməyə, Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmağı özlərinə borc bilməyə çağırıb.

Müzəffər Ali Baş Komandan fəxr edir ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular, müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı… Azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər…

19 il öncə hər bir Azərbaycan vətəndaşının prezidenti olacağına and içən və bu məsuliyyətli, şərəfli missiyanı uğurla yerinə yetirən dövlətimizin başçısının Gənclər Forumunda səsləndirdiyi fikirlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Heydər Əliyev muzey-lektoriyasında ordu gəncləri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə də hərarətlə qarşılanıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunun və forumun birinci ildönümündə Ulu Öndərlə görüşün iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək Heydər Əliyevlə başlanan dövlət gənclər siyasətinin bu gün də ölkəmizdə uğurla davam etdirildiyini və növbəti Gənclər Forumunun ölkə gənclərinin həyatında yeni bir mərhələ açacağına əminliyini bildirib.

Qeyd olunub ki, dünya üzrə Gənclər Günü Azərbaycanda təsis edildikdən iki il sonra, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilib. Bu, bir tarixdir və tarixdən heç nəyi silmək olmaz.


Gənclər Forumunda Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi haqqında danışarkən dediyi “Bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı… Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi” fikirləri gənclərdə nə qədər qürurverici hisslər yaşadıbsa, “Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar” fikirləri müharibə iştirakçılarının məsuliyyətini daha da artırıb. Onlar Prezident İlham Əliyevin etimadını doğrultmağa, əməlləri ilə nəsillərə nümunə olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov tədbir iştirakçılarını və qonaqları salamlayaraq Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının və səsləndirdiyi fikirlərin ordumuzun həyatında da geniş iz buraxdığını və Ordu gənclərinin qarşısında daha məsuliyyətli mühüm vəzifələr qoyduğunu qeyd edib.
General-mayor B.Orucov böyük əminliklə bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti, xüsusilə də ordu gəncləri bundan sonra da Müzəffər Ali Baş Komandanın əmr, göstəriş və tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirəcək, xidməti vəzifələrinin öhdəsindən layiqincə gələcəklər.

Dövlətimizin başçısının “Biz Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlıqların zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir. Bu aslanlarımız, qəhrəmanlarımız Şuşaya doğru meşələr, cığırlar aşaraq gediblər” fikirləri tədbir iştirakçılarının nəzərinə çatdırıldıqdan sonra Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov həmin aslanlardan biri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş kapitan Ramazan Hudulovu tədbir iştirakçılarına təqdim edərək deyib: “Gənclər Forumunda Azərbaycan Ordusunu təmsil edən hərbi qulluqçulardan biri də kapitan Ramazan Hudulovdur. Onun 27 yaşı var. Balakən rayonunda anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əlaçı məzunlarındandır. Vaxtilə mənim də xidmət etdiyim cəbhə bölgəsindəki hərbi birlikdə gənc leytenant kimi fəaliyyətə başlayıb. Vətən müharibəsinin ilk günündən tabor komandirinin müavini kimi hərbi əməliyyatlara qatılıb. Dörd dəfə ağır qəlpə yarası almasına baxmayaraq döyüş meydanını tərk etməyib. Xocavənd və Füzuli rayonlarının bir neçə yaşayış məntəqəsini işğaldan azad etdikdən sonra Laçın yoluna, mədəniyyətimizin paytaxtı Şuşa şəhərinə doğru şanlı döyüş yolu keçib. Şuşanın açarı olan Daşaltı kəndinin azad edilməsində müstəsna xidmətlər göstərib. Tabor komandiri ağır yaralanıb təxliyə edildikdən sonra tabora komandirliyi üzərinə götürüb. Düşmənə tutarlı zərbələr vuraraq təminat gətirən onlarla vasitəni və düşmənin xeyli canlı qüvvəsini məhv edib. Göstərdiyi şəxsi igidlik və şücaətə görə müharibənin gedişində “kapitan” hərbi rütbəsinə, sonra isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və digər döyüş medalları ilə təltif edilib. Hazırda Azərbaycan Ordusunda xidmətini uğurla davam etdirir”.
Vətən Müharibəsi Qəhrəmanı, Gənclər Forumunun iştirakçısı kapitan Ramazan Hudulov alqışlarla qarşılanıb və ona gül çələngi təqdim olunub.

Kapitan Ramazan Hudulovun sevimli müəllimi, Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan polkovnik-leytenant Bəhruz Rüstəmov vaxtilə dərs dediyi kursantla bu gün “Vətən Müharibəsi Qəhrəmanı” kimi görüşdüyünü həyatının ən xoşbəxt günü kimi daim xatırlayacağını, qəhrəmanla birlikdə Daşaltı kəndinə qədər döyüş yolu keçən müharibə qazisi əsgər Şamo Zərbalıyev mina partlayışı nəticəsində ağır yaralanarkən gənc komandirinin ona göstərdiyi ilk tibbi yardımı heç vaxt unutmayacağını qeyd ediblər.
Səmimi qarşılanma üçün bir daha minnətdarlıq edən qəhrəman döyüşçümüz R.Hudulov Vətən müharibəsi iştirakçısı polkovnik Elvin Əzizov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Fazil Əhmədov, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Əhməd Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elşən Behbudlu və başqalarının suallarına maraqlı cavablar verib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Müzəffər Ali Baş Komandanla görüşlərini xatırlayan kapitan R.Hudulov Gənclər Forumunda dövlət başçısının səsləndirdiyi fikirlərin onda da böyük ruh yüksəkliyi yaratdığını və bundan sonra da milli və dövlətçilik maraqlarını prioritet edərək ölkəmizdə vətənpərvərliyin təbliği sahəsində səylərini əsirgəməyəcəyini vurğulayıb.
“Həyatımda əlamətdar hadisələr çox olub. Ancaq Hərbi Qənimətlər Parkında Prezident İlham Əliyevlə görüşümüz heç vaxt yadımdan çıxmır. Mən o vaxt Müzəffər Ali Baş Komandanın qarşısında çıxış edərək qalib Azərbaycan Ordusunun hər bir döyüşçüsünün ürəyindən keçənləri dövlətimizin başçısına çatdırdım. Məruzə etdim ki, Azərbaycan Ordusunun qalib Ordu səviyyəsinə yüksəldilməsi, ordumuzun güclü dünya orduları sırasında yer alması şəxsən Müzəffər Ali Baş Komandanın adı ilə bağlıdır. Bu müharibədə digər amillərlə yanaşı, Ulu Öndərimizin azərbaycançılıq məfkurəsi də qələbə çaldı. Nəzərə çatdırdım ki, Azərbaycanda bir çox xalqların nümayəndələri – türklər, ləzgilər, avarlar, talışlar, ruslar, yəhudilər, udinlər, tatlar və digər xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən avar xalqının nümayəndəsiyəm, mən Azərbaycan vətəndaşıyam! Bizim bir adımız var, biz Azərbaycanlıyıq! Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi”.

Vətən Müharibəsi Qəhrəmanı Prezident İlham Əliyevin ““Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız” fikrini xatırladaraq bir daha bəyan etdi ki, heç bir yad təsir, fitnə-fəsad bizim birliyimizi poza bilməz, bizi haqq yolumuzdan döndərə bilməz! Biz birik, biz bərabərik, biz həmrəyik və hər birimiz Azərbaycanlıyıq, hər birimiz Qarabağlıyıq!

Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı, Gənclər Forumunun iştirakçısı kapitan Ramazan Hudulova Müdafiə Nazirliyinin rəhbərliyi adından qiymətli hədiyyə təqdim edilib və bundan sonrakı fəaliyyətində də ona yeni müvəffəqiyyətlər arzulanıb.

Teqlər: