Hazırkı “Neftçi” istədiyim komandanın 60 faizi deyil.
AzerTimes xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.
“Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlərimiz əmin ola bilərlər ki, bu matçda yüz faiz gücümüzü ortaya qoymağa hazırıq. Üç gündən bir uğurlu çıxış etmək üçün komanda geniş heyətə malik olmalıdır. “Kəpəz”lə çempionat matçında yüz faiz gücümüzü ortaya qoymağa çalışdıq. Yorğunluq olsa belə, qələbə qazanmalı idik. Yəni bu səbəbin arxasında gizlənə bilmərik. “Beşiktaş”ın necə komanda olduğunu bilirik. Hər iki komanda öz ölkəsinin böyük komandasıdır. Avropa arenasında bu cür görüşlərdə hər şey baş verə bilər”, – Mutu bildirib.
Baş məşqçi azarkeşlərdən səbirli olmağı istəyib:
“Neftçi” kimi böyük klubda hər məğlubiyyət komanda üzərində təzyiq yaradır. Fanatlar da başa düşməlidirlər ki, güclü komanda qurmaq istəyirik. Transferlərdə gecikmələrlə yanaşı, bəxtsizliklərlə də üzləşdik. Ömər Buludov, Eddi İsrafilov zədələndilər. Qarşıdakı görüşü buraxmalı olacaqlar. Azarkeşlər səbirli olsunlar, getdikcə daha güclü “Neftçi” olacağıq. Azarkeşlərimizin bizdən gözləntisinin çox olduğunu bilirəm. Amma vəziyyətə real baxmalıyıq. “Beşiktaş”la görüşdə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Reallığa baxsaq, “Neftçi” hazırda qurulmaq dönəmində olan komandadır. Biz də hər oyunda qələbə ilə azarkeşlərimizi sevindirmək istəyirik”.
Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.