Xəbər - Cani Babayeva – Trend:
Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb. Bu, iki ölkə
arasında münasibətlərin inkişafında yeni mərhələyə çevrilib.
Rusiyalı polioloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin
elmi rəhbəri Anton Bredixin Trend-ə bildirib ki, bəyannamənin imzalanması ilə iki
ölkə arasında təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat sahələrində
münasibətlər yeni səviyyəyə çıxır.
“Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında bəyannamə geniş spektrli məsələlərə, eləcə də qarşılıqlı
fəaliyyətin problemli nöqtələrinə də toxunur. Bəyannamə Moskva ilə
Bakının münasibətlərini Moskva ilə İrəvanın münasibətləri ilə
tarazlaşdırır. Azərbaycan onsuz da Rusiyanın strateji müttəfiqidir,
indi isə münasibətlər təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat
sahələrində yeni səviyyəyə çıxır”, – deyə o bildirib.
O, həmçinin qeyd edib ki, bəyannamədə Qarabağın gələcək inkişafı
yolları və Rusiyanın bu prosesdə iştirakı müəyyən edilib.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor
müavini Darya Qrevtsova qeyd edib ki, müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında bəyannamə Rusiya ilə Azərbaycan arasında
münasibətlərin inkişafı və dərinləşməsinin möhkəm təməlini
qoyur.
“Bəyannamə münasibətləri yeni səviyyəyə çıxarır. Vurğulamaq
lazımdır ki, bu hüquqi sənəddə liderlər münasibətlərin müttəfiqlik
xarakterinə sözdə deyil, həm də əməldə sadiq olduqlarını ifadə
edir. Liderlərimiz arasında münasibətlər təkcə işgüzar deyil, həm
də dostluq səviyyəsindədir. Onlar arasında müxtəlif məsələlər üzrə
qarşılıqlı anlaşma mövcuddur, ona görə də bəyannamənin imzalanması
yeni layihələrin inkişafı üçün təkan verəcək”, – deyə o
bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycanın Rusiya ilə müttəfiqlik
qarşılıqlı fəaliyyəti barədə razılaşması olduğu vaxtda Türkiyə ilə
müttəfiqlik münasibətləri olması vacibdir.
“Ona görə də Azərbaycan Rusiya ilə Türkiyə arasında körpü
qismində çıxış edə, Moskva-Bakı-Ankara üçbucağını yarada bilər. Bu,
həm siyasi, həm də iqtisadi baxımdan səmərəlidir. Əgər Türkiyə də
daxil olmaqla ölkələrimiz arasında bu cür qarşılıqlı fəaliyyət
olarsa, iqtisadi və siyasi layihələrin inkişafı üçün böyük
potensial meydana çıxacaq”, – D.Qrevtsova deyib.
Bəyannamə çərçivəsində gözlənilən konkret addımlar barədə
danışan politoloq bildirib ki, bunlar ilk növbədə Qarabağın
bərpasına yönəlmiş iqtisadi layihələr, eləcə də Rusiya
şirkətlərinin kommunikasiyaların açılmasında və yəqin ki, Zəngəzur
dəhlizinin inkişafında iştirakı ola bilər.
(Tərcümə: Orxan Nəbiyev)