Türkiyənin NATO müttəfiqi olacaq istənilən ölkə terror təşkilatı
PKK/YPG-yə dəstək verməməlidir. Bu iki ölkə isə (İsveç və
Finlandiya – red.) PKK və YPG terror təşkilatlarını açıq şəkildə
dəstəkləyir.
Trend türk
KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər
naziri Mövlud Çavşuoğlu Almaniyanın paytaxtı Berlində NATO xarici
işlər nazirlərinin qeyri-rəsmi toplantısı başlamazdan əvvəl
mətbuata açıqlamasında deyib.
Türkiyənin NATO-ya yeni üzvlərin qəbulu məsələsində mövqeyinin
səbəbinin aydın olduğunu deyən Türkiyə XİN rəhbəri qeyd edib ki,
NATO beynəlxalq təşkilat deyil, ittifaqdır.
“NATO dövlətlərin ittifaqıdır. Bundan nə nəticə çıxır? Bu, təkcə
təhlükəsizlik məsələsi deyil, bütün sahələrdə, xüsusən də
təhlükəsizlikə təhdid olduqda çiyin-çiyinə həmrəylik tələb
edir.
Lakin İsveç və Finlandiya PKK/YPG-yə açıq şəkildə dəstək verir.
Bu, xalqımızın hisslərinə mənfi təsir göstərir. Müttəfiqlər
sırasına qoşulmaq istəyən ölkə hər gün bizə hücum edən, mülki
vətəndaşlarımızı, hərbçilərimizi, polislərimizi öldürən
terrorçulara himayədarlıq etməməlidir”, – Mövlud Çavuşoğlu qeyd
edib.
Nazir əlavə edib ki, Türkiyə əvvəldən NATO-nun “açıq qapı”
siyasətini dəstəkləyib. O xatırladıb ki, Türkiyə təşkilatın bəzi
üzvlərinin buna qarşı çıxmasına baxmayaraq, bir sıra ölkələrin
namizədliyini dəstəkləyib.