Azərbaycan Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizi boyu öz ərazisində böyük həcmdə işlər görür: “Yol və dəmir yolu infrastrukturu tikilir və bərpa olunur. Uzunluğu 123,9 km olan Horadiz-Ağbənd avtomobil yolunda işlərin 66 %-i, Horadiz-Ağbənd dəmir yolunda (110,4 km) işlərin 38 %-i yerinə yetirilib ki, həmin yollar bu dəhlizin tərkib hissəsidir. Təəssüflər olsun ki, Ermənistan ərazisində heç nə baş vermir, əməli tədbirlər həyata keçirilmir, hətta heç bir texniki-iqtisadi əsaslandırılma və ya layihə də hazırlanmır”.
Ş.Mustafayev bildirib ki, uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur: “Baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil və hətta sinonim deyillər”.
O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur: “MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur”.