Mövsümi xarakter daşıyan musson yağışları Hindistan və Banqladeşdə insan tələfatına səbəb olub.
AzerTimes xəbər verir ki, Banqladeşdə həftəsonu ildırım vurması və torpaq sürüşməsi nəticəsində azı 25 nəfər həlak olub. Qeyd olunur ki, ölkənin yeni tarixinin ən güclü musson daşqınlarından zərər çəkmiş şimal-şərq bölgələrində milyonlarla insan evsiz qalıb.
Qonşu Hindistanın Assam əyalətində musson yağışları nəticəsində meydana gələn daşqınlar zamanı azı 17 nəfər həlak olub.
Bildirilir ki, Banqladeşin bir çox çayları təhlükəli səviyyəyə qalxıb və bu vəziyyəti Hindistan ərazisində yerləşən dağlarından gələn sel suları daha da ağırlaşdırıb.
Axtarış-xilasetmə işlərinə kömək etmək üçün minlərlə polis, hərbçi ölkənin təbii fəlakətdən zərər görmüş bölgələrinə göndərilib. İndiyədək 105 minə yaxın insan təxliyə edilib, lakin polis rəsmiləri dörd milyondan çox insanın hələ də köməksiz vəziyyətdə olduğunu təxmin edir.
Regional rəsmilər təxminən 3,1 milyon insanın evsiz qaldığını, onlardan 200 min nəfərin müvəqqəti sığınacaqlarda qaldığını söyləyib.
Banqladeş və Hindistanda son illərdə artan ekstremal hava şəraiti böyük miqyaslı dağıntılara səbəb olub.
Ekoloqlar xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi xüsusilə əhalinin sıx məskunlaşdığı Banqladeşdə daha çox fəlakətlərə səbəb ola bilər.