Dövlət İmtahan Mərkəzində (DİM) musiqi sənəti istiqaməti üzrə
keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək
məqsədilə bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə
görüş keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşdə
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva,
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan
Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova,
Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə
Quliyeva, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin direktoru
Teymur Göyçayev və DİM-in İmtahanların təşkili və idarəedilməsi
departamentinin müdiri Azər Bağırov iştirak edib.
İclasın əsas məqsədi bu il musiqi sənəti istiqaməti üzrə
keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək
olub.
Görüş iştirakçıları xüsusi qabiliyyət imtahanları ilə bağlı
fikir mübadiləsi aparıb. İclasın yekununda cari ildə musiqi sənəti
istiqaməti üzrə Bakıda fəaliyyət göstərəcək Bəstəkarlıq
komissiyasında ixtisas və harmoniya (şifahi), Musiqişünaslıq
komissiyasında musiqi ədəbiyyatı və harmoniya (şifahi), qalan digər
musiqi komissiyaları üzrə isə yalnız ixtisas fənnindən qabiliyyət
imtahanlarının keçirilməsi qərara alınıb. Görüşdə, həmçinin müvafiq
istiqamət üzrə qabiliyyət imtahanı proqramları təsdiq olunub.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanı
proqramları yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları”
jurnalında dərc olunacaq.
İştirakçılar görüşdən sonra DİM-də yaradılan və ölkəmizin milli
qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə də tanış
olublar.