MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, həyat və döyüş yollarının əbədiləşdirilməsi işinə önəm verir.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Türkiyə sahibkarlarını birləşdirən MÜSİAD Azərbaycan İdarə heyətinin üzvləri ilə keçirilən görüş zamanı MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.
O qeyd edib ki, MÜSİAD Azərbaycan üzvləri Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun lazımı materiallarla təchizatını öz üzərinə götürdükləri üçün böyük şərəf hissi keçirirlər.
Qonaqları salamlayan muzeyin baş direktoru akademik Nailə Vəlixanlı muzeyin Vətən Müharibəsi Fondunun zəruri ləvazimatlarla təchiz olunmasında göstərdiyi köməyə görə MÜSİAD Azərbaycan İdarə heyətinə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, təşkilatın üzvləri bu xeyirxah addımla ölkəmizdə çoxəsrlik ənənələrə malik mesenantlıq tarixinə öz imzalarını atdılar.
Daha sonra qonaqlar Vətən Müharibəsi Fondunda yaradılan şəraitlə tanış olublar.
Həmçinin 44 günlük müharibədə Qələbəyə həsr olunan sərgini və H.Z. Tağıyevin xatirə muzeyini ziyarət ediblər.