MÜSİAD Azərbaycan Saatlıda şəhid və qazi ailələri üçün iftar təşkil edib (FOTO)

Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi – MÜSİAD Azərbaycan
Saatlı rayonunda şəhid, qazi ailələri və rayonda yaşayan Axısqa
türkləri ailələri üçün iftar təşkil edib.

AzerTimes-ın məlumatına görə,
MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirlinin
rəhbərliyi ilə təşkil edilən iftar mərasimində, Türkiyənin
Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Gəncədəki baş konsulu
Zeki Öztürk, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir
Bağırov, MÜSİAD rəsmiləri, Milli Məclisin deputatları, iş adamları
da iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit
Bağcı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını qonaqlara
çatdırıb.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan
sonra da dəstəyini davam etdirəcəyini vurğulayan C.Bağcı bildirib
ki, Azərbaycan Ordusu qlobal güclərin, BMT-nin, ATƏT-in Minsk
Qrupunun bərpa edə bilmədiyi ədaləti bərpa edib.

MÜSİAD-ın Azərbaycan idarə heyətinin sədri R.Cabirli qonaqlara
təşəkkür edib və MÜSİAD Azərbaycan haqqında məlumat verib.
R.Cabirli bildirib ki, MÜSİAD Azərbaycan 60-dan çox üzvü ilə 2
mindən çox insanı işlə təmin edir.

Qarabağ zəfəri və qardaş ölkə Türkiyənin Azərbaycana dəstəyindən
danışan R.Cabirli qeyd edib ki, Türkiyə ilə Azərbaycanın dostluğu,
qardaşlığı əbədidir.

“Biz MÜSİAD Azərbaycan olaraq bundan sonra da xalqımızın və
dövlətimizin yanındayıq”-deyə R.Cabirli bildirib.

Qeyd edək ki, bundan əvvəl MÜSİAD Azərbaycan İsmayıllıda şəhid
və qazi ailələri üçün iftar süfrəsi açıb.

Teqlər: