MÜSİAD Azərbaycan rəsmiləri Nevşehir Bələdiyyə başçısı ilə görüşüb (FOTO)

Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin vitse-prezidenti Rəşad Cabirli, MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü və qurumun korporativ əlaqələr üzrə rəhbəri Hüseyin Yapar Nevşehir Bələdiyyə başçısı Mehmet Sarvan ilə görüşüb.

Bu barədə MÜSİAD-dan AzerTimes-a daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, görüşdən sonra R.Cabirli Türkiyənin önəmli turizm mərkəzlərindən olan Nevşehirdə inşa edilən Azərbaycan-Türkiyə Qardaşlıq Abidəsini ziyarət edib və bələdiyyə sədri M.Sarvana bu abidənin inşasına görə təşəkkür edib.

Türkiyənin ən əhəmiyyətli mədəniyyət və turizm şəhərlərindən biri olan Nevşehirdə inşa edilən abidənin Azərbaycan mediasında da geniş yer tutduğunu deyən Cabirli Nevşehir ilə Azərbaycan arasında ticarət sahəsində dostluq və qardaşlıq bağlarını inkişaf etdirmək istədiklərini söyləyib.


Ziyarətdən məmnunluğunu ifadə edən bələdiyyə başçısı Sarvan azərbaycanlı iş adamlarını investisiya üçün Nevşehirə dəvət edib və Nevşehir Bələdiyyəsi olaraq bu sahədə Azərbaycanla əlaqələri gücləndirmək üçün hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

“Türkiyə və Azərbaycan tarixi, mədəniyyəti, dili və dini bir olan iki qardaş ölkədir. İki ayrı dövlət olsaq da, eyni millətin övladlarıyıq, bu səbəbdən həmişə “İki dövlət, bir millətik” demişik və deyəcəyik” – deyə, o qeyd edib.

M.Sarvan əlavə edib ki, Nevşehirdə Azərbaycan-Türkiyə Qardaşlıq Abidəsi iki ölkənin dostluğunun və qardaşlığının simvolu olaraq inşa edilib.

Teqlər: