“Bu şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasovun komandanın son konsertindəki “Milyonçu şouda iranlı nazir” adlı səhnəciyinin İran mediasında və sosial şəbəkələrində yaratdığı rezonansa bağlı AzerTimes-a müsahibəsi:
– Səhnəcik İranda böyük əks-səda doğurdu, İran mediası alt yazı ilə videonu tirajlayır. Səhnəciyin bu dərəcədə qalmaqala çevriləcəyini gözləyirdiniz?
– Açığı, bilmirəm orda nə baş verir. Səhnədə olan sualların cavablarının hər biri həqiqətdir. Biz, sadəcə, hamının bildiyi faktları səhnələşdirmişik. Güneylilər bilir ki, Təbriz qədim Azərbaycan şəhəridir. İranda araq içilir, mütamadi olaraq gizli yollarla ölkəmizə narkotik də daşıyırlar. Hətta İranda araq satışı ilə məşğul olanların erməni olduğunu da bilirlər. O da aydındır ki, müharibə vaxtı İran Ermənistanı dəstəkləyirdi. Tehran rejimi rəsmi olaraq Ermənistanı qardaşı adlandırmışdı. İran rejiminin Ermənistan və Rusiya arasında qalma söhbəti də hədiqətdir. Məscidlərdə donuz saxlayan ermənilərə İranın “qardaş” deməsi ki heç kimə sirr deyil! Bunlar həqiqət olduğu halda nə üçün İran mediasının narazılığına səbəb olub? Adətən, gizli olan fakt üzə çıxanda cəmiyyətdə əks-səda doğurur.
– İran mediası və sosial şəbəkə istifadəçilərinin reaksiyası əslində satiranın, yumorun gücünü göstərdi…
– Əlbəttə. Bir məsələ də var ki, bu səhnəcəyi tanınmayan, məşhur olmayan hər hansısa bir insan, ya da qrup etsəydi, İran tərəfdən heç belə reaksiya gəlməzdi. Söhbət izləyici kütləsindən gedir. Video dünən qoyuldu və trendə düşdü. Deməli, “Bu şəhərdə” dünyanın hər yerində azərbaycanlılar tərəfindən izlənilir. Aktyorlarımızın obrazlarına vizual olaraq bu qədər oxşaması səhnəcəyi daha da uğurlu etdi. Açığı, səhnəcəyi yazanda konsertə iki gün qalmışdı. Belə bir ideya gəldi və yazdım. Bunun ikinci hissəsi də Rəşid doktarla olacaq. Orda artıq heç bir siyası mövzu olmayacaq. Tam olaraq məişət mövzusunu əhatə edəcək.
– Növbəti konsertlərinizdə də İranla bağlı belə səhnəcikləri görə biləcəyikmi?
– Maksimum çalışıram elə ssenarilər yazım ki, siyasət – qeyri-siyasət, fərqi yoxdur, həmin ssenarilər baxımlı olsun. Trenddə 1-2 gün qalan səhnəcik olmasın. Elə səhnəciklər hazırlayırıq ki, 5, 10, 15 il sonra yenidən efirə gedəndə digər verlişlərdən çox baxılır. Bunun da səbəbi odur ki, seçilən mövzu uzunömürlü olur. Sözügedən səhnəciyi götürsək, 20 ildən sonra da səhnəcik bugünkü auditoriyasını qoruyacaq, baxılacaq. İranla münasibətlərimizdən asılı olmayaraq, onun içindəki tarixi faktlar səhnəciyi 20 ildən sonra üçün də baxımlı edəcək. Eyni gülüş və alqış yaradacaq. Noyabrda “Bu şəhərdə”nin növbəti konsertinə qədər hansı proseslər baş verərsə, həmin hadisəyə uyğun elə bir səhnəciklə çıxış edərik.