Hazırda İranın mövqeyinə və səfirin məlumatlarına nəzər salsaq, Tehran hansısa bir formada Ermənistan üzərindən Azərbaycanın qərb regionları ilə Naxçıvana nəqliyyat kommunikasiya xətlərinin çəkilməsinə qarşıdır. Tehran bunu ancaq öz ərazisindən keçirmək niyyətindədir.
Bu sözləri AzerTimes-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, İran Ermənistan üzərindən öz maraqlarını reallaşdırmaq istəyir:
“Bu, ilk növbədə İran tərəfinin Ermənistanın suverenliyinin şübhə altına almasıdır. Eyni zamanda, Tehranın Azərbaycanla Türkiyənin həyata keçirəcəyi nəqliyyat kommunikasiya lahiyələrində öz iştirakını təmin etməsidir. Burada məsələ Ermənistanın subyektliyidir. İrəvan 25 il ərzində suverenliyini Rusiyaya bəxş etmişdi, indi isə Azərbaycan və Türkiyə ilə müqayisədə Tehranın müvəqqəti dəstəyini qazanaraq suverenliyinin bir hissəsini İrana verib. Buna baxmayaraq, Azərbaycan-Ermənistan arasında gözlənilən sülh müqaviləsi ilə əlaqələrin bərpası qərarları veriləcəyi halda, Zəngəzur dəhlizi də açıla bilər”.
Siyasi şərhçi onu da vurğulayıb ki, İranın fikirləri Azərbaycandan yox, əsasən Ermənistandan yanadır.