Müsəlman Birliyi Hərəkatının iki üzvünün təzyiq və təhdidlərə məruz qaldığı iddiaları yalandır – DİN

Müsəlman Birliyi Hərəkatının iki üzvü Mail Kərimov və Süleyman
Ələkbərov bildiriblər ki, mayın 20-də Ağır Cinayətlər Məhkəməsinin
önünə toplaşdıqlarına görə polislər tərəfindən saxlanılaraq DİN-in
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar.
İddia edirlər ki, qeyd olunan baş idarədə onlar təzyiq və
təhdidlərə məruz qalıblar.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov
qeyd edilən iddiaların tamamilə əsassız və yalan olduğunu AzerTimes-a
bildirib:

“Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə
toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə
ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan
dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla
Süleyman Əlkəbərov polisin qanuni tələblərinə riayət etməyərək
asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər.

Dünyanın ən inkişaf etmiş, ən demokratik ölkəsində polis belə
halda mütləq silaha əl atır, müqavimət göstərən şəxsi sərt qaydada
zərərsizləşdirərək barəsində ağır cəza tətbiq edir. Lakin bizim
polis əməkdaşları hər iki şəxsi ərazi üzrə olan polis bölməsinə
gətiriblər. Orada onlarla profilaktik söhbətlər aparılıb və
xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Lakin onlar polis bölməsindən çıxdıqdan sonra guya Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqlarını,
orada döyüldüklərini tirajlayıblar.
Adi inzibati qayda pozan şəxs nəinki həmin gün, ümumiyyətlə qeyd
olunan baş idarəyə aparılmır. Çünki adından göründüyü kimi qurum
hansısa inzibati xəta törədənlərlə deyil, mütəşəkkil
cinayətkarlıqla mübarizə ilə məşğuldur.

O ki qaldı guya onların polis əməkdaşları tərəfindən
döyülmələrinə, təhqir edilmələrinə, tamamilə yalan və uydurma
iddialardır. Çox təəssüflə qeyd edirəm ki, Mail Kərimovun və
Süleyman Ələkbərovun yalanlarına, polisə şər-böhtan atmalarına
özlərini hüquq müdafiəçiləri adlandıran bəzi “hüquqşünas”lar da
ortaq olublar və mətbuat konfransı keçirərək media təmsilçilərini
də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar
ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları
yaymaq hüquqi məsuliyyət yaradır.

Teqlər: