Musayev “Partizan”la matç haqqında danışdı: Fəxr edirəm!

Musayev “Partizan”la matç haqqında danışdı: Fəxr edirəm!

Bugünkü oyuna görə uşaqlarla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu sərgilədik.

AzerTimes xəbər verir ki, bunları “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Serbiya “Partizan”ına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, penaltidən yararlanmaq mümkün olmasa, komandası sonradan toparlana bilib: “Şanslar hələ bərabərdir. Addım-addım gedəcəyik. Qarşıda “Sumqayıt”la matç var. Bir həftə sonra isə Belqradda çətin oyunumuz oolacaq. Stadiona gələn azarkeşlərə, tamaşaçılara təşəkkür edirəm. Bu gün onların dəstəyi bizim üçün çox vacib idi. Fanatların sayəsində tarixi qələbə qazandıq. İşin yarısını görmüşük. Amma sakit qalıb, növbəti oyunu gözləməliyik”.

Qaçırılan epizodlarla bağlı fikirlərini bölüşən 40 yaşlı mütəxəssis hər gün bunun üzərində çalışdıqlarını söyləyib: “Oyunçularımızın üzərində təzyiq var. Onlar üçün yeni təcrübədir. Bir neçə qol imkanından yararlana bilməsək də, nəticəni xeyrimizə dəyişə bildik. Burada kiminsə fərdi oyununu dəyərləndirmək düzgün olmazdı. Qalib gəlmişik və oyunçularımdan məmnunam”.

Onun sözlərinə görə, Belqraddakı cavab görüşü daha çətin olacaq: “Rəqib öz azarkeşləri önündə oynayacaq. Möhtəşəm fanatları var. Bu gün bir az hava da bizə kömək oldu. Rəqib üçün çox çətin idi. Məni üzən hallar da var, Elvin Camalov və Con İrasabal zədəlidir, Coy Lens Mikelsin vəziyyətini bilirsiniz. Müəyyən dəyişikliklər etməli olacağıq. Bu tempi saxlamaq üçün çalışacağıq”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də Belqradda olacaq.

Teqlər: