Murad Mirzəyev küçəsində içməli su şəbəkələri yaradılır (FOTO)

Sabunçu rayonunun Zabrat qəsəbəsində əhalinin içməli su təminatı
və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması
məqsədilə daxili imkanlar hesabına yeni layihənin icrasına
başlanılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları
hesabına Sabunçu rayonunun Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində
mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələri yaradılır.

Bu barədə Trend-ə “Azərsu”ASC-dən məlumat verilib.

Bu ərazidə indiyədək mərkəzləşdirilmiş şəbəkə olmadığından
içməli su təchizatında çətinliklər yaranırdı. Sakinlərin özləri
tərəfindən çəkilmiş və tikinti normalarına cavab verməyən fərdi
xətlər normal su təchizatının aparılmasına imkan vermirdi. Tez-tez
baş verən qəzalar hidravliki rejimlərin pozulmasına, ciddi su
itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən
risklər yaradırdı. Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi,
su itkilərinin minimuma endirilməsi və istehlakçıların su
təminatının yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına
ərazidə 2,5 km paylayıcı şəbəkə inşa edilib və evlərə birləşmə
verilib. Layihənin icrası nəticəsində 850 fərdi yaşayış evi
dayanıqlı olaraq su ilə təchiz olunacaq.

Ərazidə kanalizasiya şəbəkəsinin olmaması da burada yaşayan
əhali üçün ciddi problemlər yaradırdı. Payız-qış aylarında
tullantı, qrunt və yağış suları həyətlərə və evlərin zirzəmilərinə
dolurdu. Yeni kanalizasiya xətlərinin çəkilməsi ilə sakinlərin bu
problemi aradan qalxacaq.

Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına Zabrat
qəsəbəsi ilə yanaşı, Binəqədi, Saray, Aşağı Güzdək, Bayıl və Türkan
qəsəbələrində, həmçinin Hacıqabul və Goranboy rayonlarının bəzi
kəndlərində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə
layihələr icra olunur.

Teqlər: